EN

Azərbaycanın texnoloji inkişafında yeni mərhələ...


Son illərdə Azərbaycanda texnoloji inkişaf milli prioritetlərdən birinə çevrilib. Müasir dövrün qlobal çağırışları, rəqəmsal transformasiya prosesi və iqtisadiyyatın diversifikasiyası istiqamətində aparılan siyasət ölkədə texnologiya sektorunun sürətli inkişafına şərait yaradıb. İnnovasiyaların tətbiqi, startap ekosisteminin genişlənməsi, süni intellekt və kibertəhlükəsizlik sahəsində addımlar Azərbaycanın regionda texnoloji mərkəzə çevrilməsi yolunda mühüm təməl rolunu oynayır.

Azərbaycanın texnoloji inkişaf strategiyasının əsasında dövlət siyasəti və rəqəmsal iqtisadiyyatın formalaşdırılması dayanır. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində rəqəmsal iqtisadiyyatın yaradılması əsas istiqamətlərdən biri kimi müəyyən edilib. Bu çərçivədə dövlət strukturlarında rəqəmsal idarəetmə tətbiq olunur, “Elektron hökumət” platforması genişləndirilir, “ASAN xidmət” modeli beynəlxalq səviyyədə innovativ idarəçilik nümunəsi kimi tanınır. Bu yanaşma texnologiyanın yalnız iqtisadiyyat deyil, həm də ictimai xidmətlər sisteminə inteqrasiyasını təmin edir. Lakin Azərbaycan bunlarla kifayətlənmir. Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı prezident İlham Əliyev qeyd edib: “Artıq hər kəs görür və bilir ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir. Yəni, təbii resurslar bizim üçün sadəcə olaraq bir vasitədir, bir imkandır ki, biz təbii resursların ixracından əldə etdiyimiz vəsaiti insan kapitalına yönəldək, texnoloji inkişafa yönəldək ki, gələcəkdə bizim inkişafımız dayanıqlı olsun. Hər kəs yaxşı bilir ki, təbii sərvətlər tükənən sərvətlərdir, gec-tez tükənəcək. Tükənməz sərvət isə intellektual potensialdır, amma o halda əgər buna sərmayə qoyularsa. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər. Ona görə bu gün əsas vəzifələrdən biri texnoloji inkişafdır”. Texnoloji inkişafın əsas hərəkətverici qüvvəsi elmin və innovasiyaların inteqrasiyasıdır. İnformasiya texnologiyaları, nanotexnologiya, biotexnologiya, robototexnika və süni intellekt sahəsində əldə edilən nailiyyətlər sənaye inqilabının dördüncü mərhələsini formalaşdırıb. Bu mərhələdə avtomatlaşdırma, məlumatların analizinə əsaslanan qərarvermə və “ağıllı” sistemlər istehsal proseslərini optimallaşdırır. Məsələn, süni intellekt əsasında işləyən proqramlar artıq müəssisələrdə idarəetmə qərarlarını avtomatik şəkildə qəbul edə bilir, bu isə əmək məhsuldarlığını artırır və insan səhvlərini minimuma endirir. Texnoloji tərəqqi qlobal iqtisadi sistemin dəyişməsinə də səbəb olub. Rəqəmsallaşma iqtisadiyyatın əsas dayaqlarından birinə çevrilib. “Elektron ticarət”, “fintech”, “blockchain” və “kriptovalyuta” kimi anlayışlar artıq gündəlik iqtisadi münasibətlərin ayrılmaz hissəsidir. Şirkətlər rəqəmsal platformalar üzərindən fəaliyyət göstərərək, qlobal bazarlara çıxış imkanlarını genişləndirirlər. Eyni zamanda, rəqəmsal valyutalar və smart müqavilələr kimi yeniliklər maliyyə sistemində şəffaflığı artırır və əməliyyat xərclərini azaldır.

Müasir texnologiyalar sosial həyatın da dinamikasını dəyişdirib. İnternet və mobil rabitə vasitələrinin geniş yayılması insanların ünsiyyət formasını, məlumat əldəetmə sürətini və gündəlik davranış modellərini köklü şəkildə dəyişib. Sosial şəbəkələr qlobal informasiya axınının əsas kanallarına çevrilərək, ictimai fikrin formalaşmasında mühüm rol oynayır. Eyni zamanda, rəqəmsal medianın inkişafı ənənəvi jurnalistikanı yeni forma və prinsiplərlə əvəzləyib. Texnoloji inkişaf təhsil və elmin təşkilinə də yeni nəfəs gətirib. Elektron tədris platformaları, distant təhsil modelləri və süni intellektə əsaslanan qiymətləndirmə sistemləri biliklərin əldə olunmasını daha əlçatan edib. Dünyanın aparıcı universitetləri onlayn kurslar vasitəsilə milyonlarla insana təhsil imkanları yaradır. Bu, təhsilin qlobal xarakter almasına və insanların coğrafi məhdudiyyətlərdən asılı olmadan öyrənməsinə şərait yaradır. Səhiyyə sahəsində texnologiyanın rolu xüsusilə nəzərəçarpandır. Müasir tibbi cihazlar, gen mühəndisliyi, biotexnoloji preparatlar və robot cərrahiyyəsi insanların ömür uzunluğunu artırır və xəstəliklərin erkən diaqnostikasına imkan verir. Pandemiya dövrü göstərdi ki, texnologiya həm səhiyyə sistemlərinin çevikliyini artırmaqda, həm də qlobal təhlükələrə qarşı mübarizədə mühüm rol oynayır. Azərbaycanında texnoloji tərəqqisinin mühüm istiqamətlərindən biri telekommunikasiya və rəqəmsal infrastrukturun modernləşdirilməsidir. Son onillikdə fiber-optik internet şəbəkələrinin genişləndirilməsi, 4G və 5G texnologiyalarının tətbiqinə hazırlıq, peyk rabitəsinin inkişafı kimi layihələr həyata keçirilir. Texnoloji inkişaf enerji sektorunda da öz əksini tapır. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri çərçivəsində bərpa olunan enerji, sensor texnologiyaları və avtomatlaşdırılmış idarəetmə sistemləri tətbiq edilir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “yaşıl enerji” layihələri həm iqtisadi, həm də ekoloji baxımdan innovativ model sayılır. Azərbaycan texnologiya siyasətində kibertəhlükəsizlik və məlumatların qorunması məsələlərinə də xüsusi önəm verir. Dövlət Təhlükəsizliyi Xidməti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu istiqamətdə milli sistemlər qurur. Məlumatların qorunması üzrə milli strategiya və beynəlxalq standartlara uyğun hüquqi baza yaradılıb. Bu, həm dövlət, həm də özəl sektor üçün etibarlı rəqəmsal mühit formalaşdırır. Bütün bu nailiyyətlər göstərir ki, Azərbaycan yalnız texnologiyadan istifadə edən deyil, həm də onu istehsal edən, ixrac edən və idarə edən ölkəyə çevrilməkdədir. Dövlət və özəl sektor arasında sinerji, gənclərin innovasiyalara meyli və beynəlxalq əməkdaşlıq bu prosesi daha da gücləndirir.

Samirə SƏFƏROVA

Chosen
60
baki-xeber.com

1Sources