EN

AHK üzvləri “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzinə info-turda iştirak ediblər -Fotolar



Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) Kənd Təsərrüfatı və Ərzaq Sənayesi İşçi Qrupunun üzvləri Veysəloğlu Şirkətlər Qrupuna daxil olan Məhəmmədi Logistika Mərkəzinə info-turda iştirak ediblər.

Təşkil edilən səfərin məqsədi ölkənin ərzaq təhlükəsizliyinə, pərakəndə satış və logistika sahələrinin inkişafına, həmçinin kiçik və orta sahibkarlığın dəstəklənməsinə töhfə verən Veysəloğlu Şirkətlər Qrupunun fəaliyyəti ilə yerində tanış olmaq olub. Cənubi Qafqazın ən böyük logistika mərkəzlərindən biri sayılan Məhəmmədi Logistika Mərkəzinə təşkil olunan turda AHK-nın 20-dən çox üzv şirkətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Veysəloğlu Şirkətlər Qrupu İcraçı direktorunun müavini İlqar Nuri qonaqları salamladıqdan sonra xüsusi hazırlanmış videotəqdimatı diqqətə çatdırıb. Təqdimatda Şirkətlər Qrupunun keçdiyi inkişaf yolu, tarixi və gələcək planları barədə geniş bəhs olunub. Şirkətin Korporativ Kommunikasiyalar direktoru Sənubər Nəzərova isə hazırda icra olunan bəzi layihələr haqqında geniş məlumat verib.

Natiqlər, 31 ildən artıq fəaliyyəti dövründə Qrupun ölkənin ərzaq təhlükəsizliyinə, yerli istehsalçı və fermerlərlə davamlı əməkdaşlığa, KOB-ların inkişafına, korporativ sosial məsuliyyət layihələrinə və Qarabağın bərpasına verdiyi töhfələrdən söz açaraq, iştirakçıları bu istiqamətdə görülən işlərlə tanış ediblər.

Daha sonra “Araz” Supermarketlər Şəbəkəsinin İdarə Heyətinin üzvü, Logistika direktoru Anar Adilzadə Məhəmmədi Logistika Mərkəzinin fəaliyyəti, tədarük zəncirindəki rolu, infrastruktur imkanları və texnoloji üstünlükləri barədə təqdimatla çıxış edib. O, mərkəzdə yaradılmış müxtəlif temperaturlu saxlama anbarları, inteqrə olunmuş SAP sistemi, rəqəmsallaşdırma prosesləri və qida təhlükəsizliyi üzrə tətbiq olunan beynəlxalq standartlar haqqında ətraflı məlumat verib və qonaqların suallarını cavablandırıb.

Nümayəndə heyətinə başçılıq edən AHK-nın İcraçı direktoru Narqis Viek öz çıxışında info-turun uğurlu təşkilinə görə təşəkkürünü bildirib. O, bu kimi təşəbbüslərin üzv şirkətlərin qarşılıqlı tanışlığı və təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb. Xanım Viek qeyd edib ki, Məhəmmədi Logistika Mərkəzində tətbiq olunan alman texnologiyaları onda xüsusi məmnunluq doğurub.

Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər.




Chosen
99
aia.az

1Sources