Bakı, 3 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ağdamdakı Sosial Xidmət Mərkəzində benefisiarların valideynlərinin iştirakı ilə “Uşaq Hüquqları Aylığı”na həsr olunan maarifləndirici tədbir təşkil edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşün keçirilməsində məqsəd valideynlərin uşaq hüquqları ilə bağlı biliklərini və uşaqların gündəlik həyatda üzləşə biləcəkləri xoşagəlməz hadisələrdən müdafiəsi ilə bağlı məlumatlılıq səviyyəsini artırmaq olub.
Maarifləndirici tədbir zamanı uşaq hüquqlarının qorunması, onların fiziki və mənəvi inkişafında ailənin rolundan bəhs olunub və valideynlərə uşaqlarla düzgün davranış qaydaları barədə məlumat verilib.
İnteraktiv şəkildə keçirilən görüşdə iştirakçılar arasında fikir mübadiləsi aparılıb, mütəxəssislər tərəfindən valideynlərin sualları cavablandırılıb.