EN

Qətər Avropanı LNG ixracını dayandırmaqla hədələyib

Energetika naziri: Avropa CSDDD direktivini yumşaltmasa, qaz tədarükünü kəsəcəyik...

Poliqon xəbər verir ki, Qətərin energetika naziri və “QatarEnergy” şirkətinin rəhbəri Səad Şeridə əl-Kaabi Avropa İttifaqını xəbərdar edib ki, əgər Brüssel “Corporate Sustainability Due Diligence Directive” (CSDDD) adlı yeni təchizat zənciri yoxlama direktivini yumşaltmasa, ölkəsi Avropaya maye təbii qaz (LNG) ixracını dayandıra bilər. Bu bəyanatı nazir Əbu-Dabidə keçirilən “ADIPEC” energetika konfransında səsləndirib.

“Əgər Avropa CSDDD qaydalarını yumşaltmağı və ya ləğv etməyi nəzərdən keçirməsə və enerji sektorunda dünya dövriyyəsinin 5 faizi həcmində cərimə tətbiq etməyə davam etsə, biz Avropaya LNG tədarük etməyəcəyik – bu, tam dəqiqdir”, deyə əl-Kaabi bildirib.

Nazir əlavə edib ki, Qətər yaxın illərdə karbon emissiyalarını “sıfıra endirmək” hədəfinə çatmayacaq, çünki bu, texnoloji və iqtisadi baxımdan hələlik mümkün deyil. O, Avropanın tənzimləyici siyasətini “reallıqdan uzaq və zərərli” adlandırıb.

Məlumata görə, Qətər hökuməti bir müddət əvvəl Belçika hökumətinə rəsmi məktub göndərərək, CSDDD direktivinin qüvvədə qalacağı təqdirdə LNG tədarükünün azaldıla biləcəyi barədə xəbərdarlıq edib. Məktubda qeyd olunub ki, Avropa ilə razılaşma əldə olunmazsa, Doha “alternativ bazarlara” – xüsusilə Asiya və Afrika ölkələrinə yönəlməyi planlaşdırır.

Hazırda Qətər Avropa İttifaqının maye qaz tələbatının təxminən 12–14 faizini təmin edir. Ekspertlər bildirirlər ki, Qətərin bu addımı Avropanın enerji təhlükəsizliyi üçün ciddi sınaq ola bilər, çünki qış mövsümü yaxınlaşdıqca LNG tədarükü qitə üçün strateji əhəmiyyət daşıyır.

Avropa rəsmiləri isə bildirirlər ki, CSDDD direktivi “davamlı biznes” prinsiplərini və şəffaf təchizat zəncirlərini təmin etməyi hədəfləyir, lakin enerji sektoruna istisna tətbiqi məsələsi hələlik açıq qalır.

Poliqon.info

Chosen
73
poliqon.info

1Sources