EN

8 ölkə neft planını elan etdi, narahatlıq başladı: Bütün dünyada vəziyyət dəyişəcək

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Dünyanın ən böyük neft istehsalçıları alyansı olan OPEC+ ölkələri dekabr ayında hasilat kvotalarını bir qədər artırmaq barədə razılığa gəlməyi planlaşdırır.

Məlumata görə, birliyin 8 üzvü – Səudiyyə Ərəbistanı, Rusiya, BƏƏ, İraq, Küveyt, Oman, Qazaxıstan və Əlcəzair dekabr üçün kvotaların daha 137 min barel artırılması barədə razılaşma əldə edəcəklər.

Hasilatın artırılması qərarı dünya neft qiymətlərinə necə təsir göstərə bilər? Bu qərarın səbəbi bazar tələbi, yoxsa geosiyasi amillərdir?

Globalinfo.az-a danışan enerji məsələləri üzrə ekspert İlham Şaban deyib ki, birliyin yaydığı məlumata görə, əvvəllər neft hasilatını gündəlik 1,65 milyon barel məhdudlaşdıran səkkiz OPEC+ ölkəsinin nazirləri sabit qlobal iqtisadi proqnozu və əlverişli cari bazar şərtlərini nəzərə alaraq bu qərara gəliblər:

“Məlumatda həmçinin dekabrdan sonra mövsümilik səbəbindən səkkiz ölkənin 2026-cı ilin yanvar, fevral və mart aylarında hasilatın artımını dayandırmaq qərarına gəldiyi qeyd olunur.

Razılaşma iştirakçıları təsdiqləyiblər ki, 1,65 milyon barel dəyişən bazar şəraitindən asılı olaraq tədricən, qismən və ya tam bərpa oluna bilər.

Müstəqil hesablamalara əsasən, OPEC+ ölkələrinin dekabr ayı üçün ümumi kvotası sazişi əvvəllər pozan ölkələrin kompensasiya həcmləri nəzərə alınmaqla gündəlik 38,185 milyon barel təşkil edə bilər ki, bu da noyabr üçün elan edilmiş plandan 101 min barel çoxdur.

Bəs kvotaların artırılması bazara necə təsir edəcək? Hazırda dünya bazarındakı qiymətlərin monitorinqi hansısa ciddi enmənin olmadığını göstərir. Çünki bazar iştirakçıları daha çox ABŞ və Çin arasındakı ticari münasibətlərə diqqət edirlər”.

İlham Şaban 

Ekspertin sözlərinə görə, 2026-cı ildə neft qiymətləri cari illə müqayisədə azalmağa meylli olacaq:

“Ötən həftə Dünya Bankı 2025-2026-cı illər üzrə Brent markalı neftinin orta qiyməti ilə bağlı proqnozunu yeniləyib. Proqnoza əsasən, Brent neftinin orta qiyməti 2025-ci ildə 68 dollar səviyyəsində ehtimal edilir, 2026-cı ildə isə qiymətlərin 60 dollara qədər ucuzlaşacağı gözlənilir. Maraqlısı isə odur ki, Dünya Bankının ekspertləri gələn illə bağlı proqnozlarını artıq ikinci dəfədir dəyişməyiblər. Yəni neft qiymətlərinin ucuzlaşması ehtimalı hələ də yüksəkdir.

Bu ehtimalı dünyanın tanınmış neft-qaz şirkəti olan “Shell”in baş direktoru Vael Savan da üçüncü rübün nəticələrindən sonra keçirdiyi telekonfrans zamanı təsdiqləyib. O bildirib ki, gələn il qlobal neft bazarında təklif bolluğunun yaranması ssenarisi daha çox ehtimal edilir, lakin uzunmüddətli perspektivdə qiymətlərin artacağını gözləyir. Bu da səbəbsiz deyil, çünki yaşıl enerji dünyada yaşanan hazırkı gərginlikdən sonra qlobal iqtisadiyyatın artım templərini qarşılamağa yetərli olmayacaq”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
2
globalinfo.az

3Sources