EN

Kremlin 200 illik təbliğatı ifşa olundu: "Türkiyəyə nifrət Rusiyanın alətidir" – ŞƏRH – ÖZƏL

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə Türkiyə-Ermənistan münasibətlərinə dair sualları cavablandırarkən, illərdir davam edən gərginliyin kökləri ilə bağlı sensasion iddia irəli sürüb. Paşinyan Türkiyə və Azərbaycana qarşı formalaşmış qərəzli fikirlərin əsas mənbəyinin Rusiya və Sovet dövrünün təbliğatı olduğunu bildirib.
Baş nazir, "Türklərə dair təsəvvürümüz Rusiya tərəfindən uydurulub" deyərək, dərin kök salmış mənfi baxışların xarici qüvvələr tərəfindən formalaşdırıldığını vurğulayıb.

"Biz nəhayət ki, Ermənistanda kilsənin təsirini açıq şəkildə dilə gətirən bir dövlət adamını - Nikol Paşinyanı görürük. Həqiqətən də Ermənistandakı şovinist, anti-türk, anti-Azərbaycan ideologiyasının əsasını formalaşdıran tərəf heç də erməni milli düşüncə sahibləri deyil. Bu, Rusiya imperiyasının Azərbaycana və Türkiyəyə qarşı apardığı ideoloji təxribatın və ideoloji savaşın bir hissəsi olaraq, əsrlər boyu ermənilərdən istifadə etməsinin nəticəsidir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, "Dənizdən dənizə Böyük Ermənistan", "qondarma erməni soyqırımı" və "türklər ermənilərin düşmənidir" kimi fikirləri özündə birləşdirən daşnak ideologiyası əslində rus ideoloqlarının məhsuludur, ermənilərin yox. Ermənilər sadəcə bu ideologiyanın daşıyıcıları olublar. Rusiya imperiyası onları 200 ildir ki, Azərbaycan və Türkiyəyə qarşı bir alət kimi istifadə edir. Nəzərə alsaq ki, 1813 və 1828-ci illərdə Azərbaycanın Araz çayının şimalındakı xanlıqlarının əraziləri Rusiya imperiyası tərəfindən işğal edildikdən sonra, elə həmin dövrdə - 1829-cu ildə İrəvan xanlığının ərazisində "erməni vilayəti" adlı qondarma inzibati vahid yaradıldı. Bu vilayətə Qacarlar dövlətindən və Osmanlı imperiyasından kütləvi şəkildə ermənilər köçürüldü. Azərbaycan torpaqlarının hesabına bu bölgədə ermənilərin süni şəkildə məskunlaşdırılması və kompakt yerləşdirilməsi nəticəsində zamanla bölgə azərbaycanlılarına qarşı daxili qarşıdurma yaradıldı. Bunun arxasında şübhəsiz ki, ideoloji əsas dayanırdı.

Ekspert əlavə edib ki, həmin ideoloji əsas, "dənizdən dənizə Böyük Ermənistan" və "Türkiyəyə qarşı nifrət" ideologiyasını da Rusiya imperiyası formalaşdırmışdı. Bu gün Nikol Paşinyanın həmin ideologiyanı ifşa etməsi və Azərbaycana, Türkiyəyə qarşı nifrət siyasətinin Rusiya və üçüncü qüvvələr tərəfindən formalaşdırıldığını deməsi bir neçə baxımdan önəmlidir. Birincisi, erməni cəmiyyəti bu həqiqəti nə qədər tez qəbul edərsə, yaşlı nəsildə olmasa da, gələcək nəsildə Türkiyəyə və Azərbaycana qarşı nifrət və düşmənçilik hissləri aradan qalxa bilər. Böyük ehtimalla bu belə də olacaq. Çünki 8 avqust Vaşinqton razılaşmasına əsasən tərəflər üzərlərinə öhdəlik götürüblər ki, bir-birlərinə qarşı nifrət, kin və diskriminasiya xarakterli siyasi çağırışlar və dəyərləri təbliğ etməsinlər. Lakin bu gün biz Ermənistanda kilsənin, eləcə də parlament müxalifətinin - xüsusilə Daşnaksütyun və digər təşkilatların - məhz bu köhnə ideoloji baza üzərində qurulduğunun şahidiyik. Yəqin ki, Nikol Paşinyan və onun tərəfdarlarının erməni cəmiyyətində üstünlük qazanması bu ideologiyanın sonunu gətirəcək.

"Bu açıqlamalar həm də ona görə önəmlidir ki, erməni cəmiyyətində, xüsusilə gənclər arasında Rusiyanın 200 ildir erməniləri öz maraqları naminə istifadə etdiyini, onları digər xalqlarla düşmən etdiyini anlamaq prosesi başlayacaq. Bu, nəticədə Rusiyaya olan inamı və etibarı azaldacaq, əvəzində Rusiya əleyhinə qəzəb və narazılıq hissi formalaşacaq. 
Üçüncüsü isə bu mesajların bu gün verilməsi o deməkdir ki, Ermənistan artıq üzünü Rusiyadan Qərbə, həmçinin əsrlərdir süni şəkildə düşmən elan edilən Azərbaycan və türk dünyası ilə normal münasibətlər qurmaq istiqamətinə çevirir. Bu baxımdan Paşinyanın açıqlamaları çox əhəmiyyətlidir," - deyə Taleh Əliyev qeyd edib.

Siyasi şərhçinin fikrincə, Ermənistanda sülhün, səmimi yanaşmanın başlanğıcı məhz bu cür açıqlamaların erməni cəmiyyəti tərəfindən qəbul olunmasından və təqdir edilməsindən keçir.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
47
olaylar.az

1Sources