EN

Zülfiyyə Nuriyeva: “Zəfər Günü xalqımızın birliyinin, iradəsinin və milli kimliyinin bərpasının təntənəsidir”

Azərbaycan xalqının azadlıq və ədalət uğrunda mübarizəsinin zirvəsi olan 8 Noyabr – Zəfər Günü dövlətimizin gücünü, xalqımızın birliyini və qələbə ruhunu təcəssüm etdirir. Bu möhtəşəm gün Prezident İlham Əliyevin rəhbərliyi, xalqın əzmi və ordumuzun rəşadəti sayəsində əldə olunan tarixi Qələbənin rəmzidir.

Bu münasibətlə QHT.az ölkənin müxtəlif ictimai birliklərinin rəhbərləri ilə əlaqə saxlayaraq Zəfər Gününün əhəmiyyəti, vətəndaş cəmiyyətinin rolu və gələcəyə baxış barədə “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva qeyd edib ki, Zəfər Günü hər bir azərbaycanlı üçün fəxr, qürur və milli kimliyimizin bərpası deməkdir:

“Bu gün həm şəhidlərimizin ruhuna ehtiramın, həm də gələcək nəsillərə ötürülən ən dəyərli mesajın günüdür. 8 Noyabr – xalqımızın birlik və həmrəyliyinin Ali Baş Komandan ətrafında sıx birləşdiyi, haqq savaşında ədalətin təntənə etdiyi gündür. İkinci Qarabağ müharibəsində əldə edilən qələbə təkcə hərbi deyil, həm də mənəvi və siyasi anlamda tarixə qızıl hərflərlə yazılıb. Cənab Prezident İlham Əliyevin möhkəm iradəsi, xalqın inamı və ordumuzun rəşadəti sayəsində bu Zəfər mümkün oldu. Xalq–iqtidar birliyi Azərbaycanın ən böyük güc mənbəyi kimi bütün dünyaya nümayiş etdirildi.”

QHT sədri bildirib ki, vətəndaş cəmiyyəti bu birliyin qorunmasında mühüm rol oynayır. 2020-ci ildə QHT sektoru da ön cəbhədə olmasa da, arxa cəbhədə ölkə üçün mübarizə aparıb, gənclərdə vətənpərvərlik ruhunu gücləndirib, ictimai həmrəyliyə töhfə verib.

"Şəhid ailələrinə və qazilərə dövlət qayğısı müharibədən sonrakı dövrdə xüsusi prioritet təşkil edib. Cənab Prezidentin imzaladığı fərmanlar sayəsində şəhid ailələri və qazilər mənzillərlə, müalicə və reabilitasiya imkanları ilə təmin olunub. Bu, dövlətin onlara olan sonsuz diqqət və qayğısının təcəssümüdür. Zəfər Günü gələcək nəsillərə vətən sevgisi və milli dəyərlərə sadiqlik ruhunu aşılamaq baxımından böyük önəm daşıyır. Bu tarix heç vaxt unudulmamalıdır. Hər bir gənc Azərbaycanın kimliyini, tarixini, Zəfərinin mənasını dərindən dərk etməli, onu gələcək nəsillərə ötürməlidir. Çünki Zəfər Günü bizim milli iradəmizin, gücümüzün və əbədi müstəqilliyimizin simvoludur.”

Chosen
48
qht.az

1Sources