Qarabağa növbəti media səfəri təşkil olunub. Türkiyə KİV-in Qars, Ərzurum və İğdırdan olan 15 nəfərlik nümayəndəsi Ağdam, Xocalı və Xankəndi şəhərlərinə səfər ediblər.
Aznews.az xəbər verir ki, səfər çərçivəsində jurnalistlər ilk olaraq Xocalının Əsgəran qalasında olublar.
Qonaqları Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar. Media nümayəndələrinə XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən Əsgəran qalası haqqında ətraflı məlumat verilib. Bildirilib ki, qala Qarabağ xanlığının şərq qapısı kimi tanınıb və müdafiə məqsədilə tikilib.
Türkiyəli jurnalistlər daha sonra Xocalı şəhərində olaraq burada aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri ilə tanış olublar. Onlar Xocalıya qayıdan sakinlərlə görüşüb, onların təəssüratlarını öyrəniblər. Verilən məlumata görə, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində artıq Xocalı şəhəri və 7 kəndə köç prosesi həyata keçirilib.