EN

Gülər Sultanzadə: “Böyük Qayıdış dövlət proqramının icrası ədalətin, iradənin və milli həmrəyliyin təntənəsidir”



“Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olan “Böyük Qayıdış” prosesi artıq gerçəklik mərhələsindədir. Cəbrayıl və Zəngilan torpaqlarında həyata keçirilən yenidənqurma və məskunlaşdırma işləri təkcə iqtisadi inkişafın göstəricisi deyil, həm də xalqımızın sarsılmaz iradəsinin, milli həmrəyliyinin və ədalət hissinin canlı təcəssümüdür. Cənab Prezident İlham Əliyevin oktyabrın 28-də bu bölgələrə səfəri, Horovlu, Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşü, yeni mənzillərin açarlarının təqdim olunması məhz bu milli ideyanın təntənəsidir.”

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.

Gülər Sultanzadə bildirib ki, Horovlu kəndinin azadlığa qovuşması ilə başlayan qələbə yürüşü beş il əvvəl Azərbaycanın tarixi Zəfəri ilə nəticələndi və bu gün isə həmin torpaqlarda yeni həyat, yeni başlanğıc yazılır: “Həqiqətən də bu gün yenidən qurulan Horovlu kəndi öz gözəlliyi ilə göz oxşayır. Burada dövlət tərəfindən xalq üçün hər cür şərait yaradılıb: müasir evlər, məktəb, uşaq bağçası, tibb məntəqəsi, iş yerləri və rahat yaşayış infrastrukturu. Bu, həm dövlətin vətəndaş qarşısında mənəvi borcunun yerinə yetirilməsi, həm də ədalətin bərpasıdır. 30 ilə yaxın bir dövr ərzində doğma yurdlarından uzaqda, köçkün həyatı yaşayan insanlar bu gün ədalətin təntənəsini yaşayırlar. Azərbaycan xalqı sona qədər ədalətə həm inandı, həm də bu ədaləti özü yaratdı. Bu, xalqın birliyi, dövlətin gücü və cənab Prezidentin müdrik siyasətinin vəhdətindən doğan tarixi nailiyyətdir. Azad olunmuş ərazilərdə həyatın yenidən bərpası sadəcə quruculuq deyil, həm də mənəvi dirçəlişdir. Çünki bu torpaqların hər qarışı şəhid qanı ilə yoğrulub. Dövlət başçısı öz çıxışında şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərək bildirdi ki, bu torpaqlarda qurulan hər ev, hər məktəb, hər bağça onların qəhrəmanlığının əbədiləşmiş simvoludur. Beləliklə, “Böyük Qayıdış” həm də milli yaddaşın bərpasıdır. Bu gün xalq öz keçmişinə, kimliyinə, torpağına sahib çıxır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr, o cümlədən müasir kəndlərin salınması, enerji, sənaye və infrastrukturun qurulması eyni zamanda Azərbaycanın yeni inkişaf fəlsəfəsinin ifadəsidir. Amma bu prosesin ruhu məhz insanlardır: öz torpağına sevgi ilə qayıdan, onu yaşadan, orada gələcək nəsillərin rifahı üçün çalışan insanlar. Dövlətin yaratdığı şərait xalqın gücü ilə birləşəndə məhz mükəmməl milli bərpa modeli formalaşır. Beləliklə, Cəbrayıl və Zəngilan bu gün Azərbaycan dövlətinin inkişaf modelinin canlı nümunəsinə çevrilib. Cənab Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında həyata keçirilən siyasət bir məqsədə xidmət edir – azad edilmiş torpaqlarda həyatın əvvəlkindən daha gözəl və dayanıqlı qurulmasına. Bu, həm qələbənin nəticəsidir, həm də gələcəyə yönəlmiş strateji baxışın təcəssümüdür.” – deyə, Gülər Sultanzadə fikirlərini başa çatdırıb.



Chosen
34
aia.az

1Sources