EN

Alimlər “zümrüd mumiyanın” sirrini açdılar

İtaliyada tapılmış yaşıl rəngli mumiya misin kimyəvi təsiri nəticəsində belə formalaşıb…

Poliqon xəbər verir ki, İtaliyada bir neçə əsr əvvəl dəfn edilmiş yeniyetmənin qalıqları onilliklər boyu alimlər üçün müəmmalı qalıb. Səbəb isə mumiyanın insan qalıqlarına xas olmayan parlaq zümrüd-yaşıl rəngli olması olub. İndi isə tədqiqatçılar bu sirrin səbəbini müəyyən ediblər.

Alimlərin New Scientist nəşrində dərc etdikləri elmi məqaləyə görə, rəngin səbəbi mərhumun mis sandıqda dəfn olunmasıdır. Misin antimikrob xüsusiyyətləri həm bərk, həm də yumşaq toxumaların qorunmasına şərait yaradıb. Eyni zamanda, metal bədənin ifraz etdiyi turşularla reaksiyaya girərək korroziya məhsulları əmələ gətirib və bunlar sümükdəki kimyəvi birləşmələrlə qarşılıqlı təsirə girib. Zamanla mis ionları sümüklərdəki kalsiumu əvəz edib, beləliklə sümüklər və dəri müxtəlif yaşıl çalarlar alıb.

12–14 yaşlarında vəfat etdiyi təxmin edilən oğlanın qalıqları 1987-ci ildə Şimali İtaliyanın Bolonya şəhərindəki qədim bir villanın zirzəmisində tapılıb. Cəsəd mis qutuda yerləşdirilmişdi və demək olar ki, tam şəkildə qorunub saxlanmışdı. Mumiya, xüsusilə də sol ayağından başqa bütün bədəninin zümrüd rəngə boyanması ilə alimləri heyrətləndirmişdi.

Tapıntı Bolonya Universitetində saxlanılıb və bu günədək araşdırma mövzusu olaraq qalır. Roma “Tor Vergata” Universitetinin konservasiya üzrə tədqiqatçısı Annamariya Alibasio bildirib ki, radiokarbon analizinə əsasən, oğlan 1617–1814-cü illər arasında dünyasını dəyişib.

Aparılan kimyəvi və fiziki analizlər ölümün səbəbini müəyyən etməyə imkan verməyib — nə xəstəlik, nə də zorakılıq izlərinə rast gəlinib. Dəridəki açıq-yaşıl təbəqə adətən mis və bürünc heykəllərdə yaranan oksid qatına bənzəyir. “Bu, ağır metalların qoruyucu təsiri barədə təsəvvürlərimizi tamamilə dəyişir”, – deyə Alibasio bildirib.

Tədqiqatçılar hesab edirlər ki, mis qutunun dibi zamanla çatlayıb və maye sızaraq mumiya ilə reaksiyaya girib. Zirzəmidəki aşağı temperatur, az oksigen və mis ionlarının bioloji təsiri birlikdə bədəni qeyri-adi şəkildə qoruyub saxlayıb.

Alibasio əlavə edib: “Bu unikal insan qalıqları ilə işləmək mənim üçün çox duyğusal təcrübə idi.” Journal of Cultural Heritage jurnalında dərc olunan məqalədə qeyd olunur ki, “yaşıl mumiya”nın formalaşması bir sıra nadir amillərin — aşağı temperaturun, məhdud oksigenin və mis ionlarının bioaktiv təsirinin birləşməsi nəticəsində baş verib.

Poliqon.info

Chosen
28
poliqon.info

1Sources