Pekin ilin ilk doqquz ayında gündəlik idxalı 11 milyon bareli ötüb, bunun əhəmiyyətli hissəsi strateji anbarlara yönəlib…
Poliqon xəbər verir ki, The Wall Street Journal yazır, Çin 2025-ci ilin ilk doqquz ayında rekord həcmdə neft idxal edərək öz enerji ehtiyatlarını gücləndirib və qlobal bazarda ən böyük strateji enerji buferinə çevrilməkdədir. Nəşrin məlumatına görə, Pekin bu dövrdə gündə 11 milyon bareldən çox xam neft idxal edib ki, bu da Səudiyyə Ərəbistanının gündəlik hasilat səviyyəsini geridə qoyur.
Analitiklərin qiymətləndirməsinə əsasən, bu idxalın 1,2 milyon barelə qədəri hər gün strateji və kommersiya ehtiyatlarına yönəldilib. Çin hökuməti beləliklə enerji təhlükəsizliyini gücləndirmək və potensial bazar təlatümlərinə qarşı müdafiə divarı formalaşdırmaq məqsədi daşıyır.
Artan idxal həcmləri eyni zamanda geosiyasi risklərlə əlaqələndirilir. ABŞ-ın Rusiya neftinə qarşı tətbiq etdiyi sanksiyalar və Ukrayna dronlarının Rusiya enerji infrastrukturuna zərbələri Çini alternativ və təhlükəsiz enerji mənbələri toplamağa sövq edib.
Mütəxəssislərin fikrincə, Pekinin bu siyasəti həm iqtisadi sabitlik üçün “təhlükəsizlik yastığı” rolunu oynayır, həm də Çinin beynəlxalq enerji bazarlarında təsirini artırır.
Poliqon.info