Trendyol Premyer Liqasının 11-ci turunda Tüpraş stadionunda keçirilən “Beşiktaş”–“Fənərbağça” derbisi dramatik anlarla yadda qaldı.

Offsideplus.az xəbər verir ki, ilk hissədə 2:0 hesabı ilə önə çıxan “Beşiktaş” qırmızı kartdan sonra oyunun idarəsini itirdi və “Fənərbağça” möhtəşəm geridönüşlə 3:2 hesablı qələbə qazandı.

Matça yüksək tempdə başlayan “Beşiktaş” 5-ci dəqiqədə Çerninin ötürməsindən sonra El Bilal Turenin baş zərbəsi ilə hesabı açdı — 1:0.

22-ci dəqiqədə ön sahədə topu ələ keçirən meydan sahibləri Emirhan Topçunun dəqiq zərbəsi ilə fərqi artırdı — 2:0. Tribunadakı azarkeşlər coşqu içində idi, “Fənərbağça” müdafiəsi isə çaşqın vəziyyətə düşdü.

Kırmızı kart oyunun axarını dəyişdi. 27-ci dəqiqədə Orkun Kökçünün Alvarezə qarşı kobud müdaxiləsi VAR yoxlamasından sonra birbaşa qırmızı kartla nəticələndi. Baş məşqçi Sərgən Yalçın da hakimə etirazlarına görə tribunaya göndərildi. Bu epizoddan sonra “Beşiktaş” oyundakı ritmini itirdi.

Sayca üstün vəziyyətdə olan “Fənərbağça” 32-ci dəqiqədə İsmayıl Yüksəkin qapı qarşısında seken topu tamamlaması ilə fərqi azaltdı — 2:1.

Birinci hissənin uzatma dəqiqələrində isə Nenenin mükəmməl ötürməsini dəqiq zərbə ilə tamamlayan Marko Asensio hesabı bərabərləşdirdi — 2:2.

İkinci hissədə “Fənərbağça” oyuna tam nəzarət etdi. Qapıçı Ersinin bir neçə vacib qurtarışı “Beşiktaş”ı xilas etsə də, 83-cü dəqiqədə müdafiə səhvi bahalıya başa gəldi. Topu ələ keçirən Con Duran cərimə meydançasından sərt zərbə ilə qələbə qolunu vurdu — 3:2.

Son dəqiqələrdə “Beşiktaş” Raşitsa və Salihin zərbələri ilə təhlükə yaratsa da, bərabərlik qolunu tapmadı.

Qeyd edək ki, bu qələbə ilə “Fənərbağça” xallarını 25-ə çatdıraraq zirvə yarışını davam etdirdi və ardıcıl üçüncü qələbəsini qazandı. “Beşiktaş” isə 17 xalla altıncı pilləyə gerilədi.