EN

Belçikada hərbi hava bazası üzərində dron uçuşları qeydə alındı

BAKI, 2 noyabr. TELEQRAF

Belçikanın müdafiə naziri Teo Franken ölkədəki Kleine Brogel Hərbi Hava Bazası üzərində üç dronun uçduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, nazir bu barədə "X" hesabında paylaşım edib.

Onun sözlərinə görə, aşkarlanan dronlar əvvəlkilərlə müqayisədə daha böyük olub və yüksək hündürlükdə uçub:

“Bu, adi uçuş deyildi. Dronların Klein Broqel bazasını hədəf alan konkret missiya çərçivəsində hərəkət etdikləri ehtimal olunur. Onların siqnallarını pozmaq üçün “daşınan siqnal kəsicilər” işə salınıb, lakin effekt verməyib. Polis və hərbi kəşfiyyat xidməti hadisə ilə bağlı araşdırma aparır".

Nazir qeyd edib ki, artan dron təhlükəsinə qarşı tədbirlər genişləndiriləcək və yaxın zamanda 50 milyon avroluq yeni dron əleyhinə proqram işə salınacaq.

Qeyd edək ki, Klein Broqel bazası həm Belçika Hərbi Hava Qüvvələrinin, həm də ABŞ Hərbi Hava Qüvvələrinin bölmələrinin yerləşdiyi strateji obyekt hesab olunur.

Belçika Federal Polisi eyni axşam Anvers Hava Limanı üzərində də dron fəaliyyəti qeydə alındığını açıqlayıb. Hadisə zamanı eniş edən təyyarə ilə dronun toqquşma riski yaranıb, lakin uçuş təhlükəsiz başa çatıb.

Chosen
28
teleqraf.com

1Sources