EN

Suriya Prezidenti Şara Vaşinqtona səfər edəcək

Suriya Prezidenti Əhməd Şara yaxın günlərdə Vaşinqtonda rəsmi görüşlər keçirməyə hazırlaşır. Bu barədə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak məlumat verib.

Sherg.az xəbər verir ki, Tom Barrak Bəhreyndə keçirilən Manama Dialoq Forumunda çıxışı zamanı bildirib ki, Əhməd Şara bu ay ərzində Vaşinqtona səfər edəcək.

Xüsusi nümayəndənin verdiyi məlumata görə, səfər çərçivəsində Şaranın DEAŞ-a (İŞİD-ə) qarşı koalisiyaya qoşulmaq barədə bir saziş imzalayacağı da gözlənilir.

Tom Barrak həmçinin Dəməşq rəhbərliyi ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında aparılan danışıqlara toxunaraq, “Ortaq məxrəcə gəlməyə çox yaxınıq,” - deyə qeyd edib.

Axios saytının xəbərinə əsasən, ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak, Suriya Prezidenti Əhməd Şaranın 10 noyabrda Vaşinqtona gedəcəyini bildirib.

Beləliklə, Şara Ağ Evi ziyarət edən ilk Suriya Prezidenti olacaq.

Bundan əlavə, Barrak qeyd edib ki, Suriya və İsrail arasında aparılan danışıqların beşinci raundu da Şaranın səfəri zamanı Vaşinqtonda baş tutacaq.

Barrak sözlərinə əlavə edib ki, ABŞ ilin sonunadək Suriya və İsrail arasında təhlükəsizlik sazişinin imzalanmasını hədəfləyir.
Chosen
70
sherg.az

1Sources