EN

Hər müəllim ildə 2 min manat artıq maaş alacaq - ancaq imtiyaz hamıya aid deyil...


İlham Əhmədov: “Belə təşəbbüsləri daha da artırmaq lazımdır ki, kəndlərə axın olsun”

2026-cı ildə 9 mindən çox gənc müəllimin kənd məktəblərində işə başlaması planlaşdırılır. Gələn il gənc müəllimlərin kənd məktəblərinə cəlb olunması məqsədilə onların əməkhaqqına əlavələrin ödənilməsi üçün 20.1 milyon manat xərclənəcək. Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 9.9 min nəfərdən çox gənc mütəxəssisin kənd rayonlarında yerləşən ümumtəhsil müəssisələrinə işə cəlb olunması planlaşdırılıb. Vəsait onların stimullaşdırılması məqsədilə yol, əmlakın daşınması üçün nəqliyyat, ilkin yaşayış şəraitinin yaradılması, kommunal xidmətləri və kirayə haqqına yönəldiləcək. Hesablamalar göstərir ki, kənd məktəblərindəki vakansiyaları seçəcək hər bir gənc müəllim orta hesabla maaşından əlavə il ərzində təxminən 2 min manat alacaq.

Məlumdur ki, bu gün kənd məktəblərində kadr çatışmazlığı yaşanır. Müəllimlər mərkəzi rayonlarda və şəhərlərdə də əsasən mərkəzdə işləməyə üstünlük verirlər. Bu səbəbdən ucqar rayonlara və kəndlərə müəllimlərin cəlb edilməsi bir qədər problemli məsələdir.

Maraqlıdır, bu addım ucqar kəndlərdə müəllim çatışmazlığını həll edəcəkmi?

“Təhsil sahəsində bütün qərarlar təhsilin keyfiyyətinin və inkişafının təmin edilməsinə xidmət etməlidir”

Təhsil eksperti İlham Əhmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu yaxşı qərardır: “Məlumdur ki, ucqar regionlarda, dağ kəndlərində yaşayış şəraiti, sosial-iqtisadi vəziyyət, yol və digər problemlər olduğuna görə müəllimlər ora gedib işləmək istəmirlər. Həmin bölgələrdə məktəblərdə müəllim çatışmazlığı yaranır, ixtisaslı pedaqoqlar az olur, bəzən isə dərsləri başqa ixtisas üzrə müəllimlər aparır. Buna görə də belə stimullaşdırıcı qərarların qəbul edilməsi müsbət haldır. Belə təşəbbüsləri daha da artırmaq lazımdır ki, kəndlərə axın olsun. Kənddə yeni məktəb tikilir, amma müəllim maaşı az olduğu üçün ora işləməyə gedən yoxdur. Nəticədə tikintiyə ayrılan milyonlarla vəsait mənasız qalır, bəzi hallarda isə belə tikilmiş məktəblər bağlanır və “rasionallaşdırma” adı altında fəaliyyətini dayandırır. Bu məsələlər strateji şəkildə, planlı və proqnozlaşdırılmış formada həll olunmalıdır. Təhsil sahəsində bütün qərarlar təhsilin keyfiyyətinin və inkişafının təmin edilməsinə xidmət etməlidir. Əgər hər şeyə yalnız pula qənaət prinsipi ilə yanaşılsa, nəticə verməyəcək. Çünki təhsildə qənaət olmamalıdır. Ulu öndər Heydər Əliyev deyirdi ki, “biz haradan olursa-olsun kəsib, təhsilə əlavə imkan yaratmalıyıq”. Cənab Prezident İlham Əliyev də qeyd edirdi ki, “əgər biz müharibə şəraitində olmasaydıq, təhsil büdcəsi Azərbaycanda birinci yerdə olardı”. Bu gün təhsil büdcəsi doğrudan da böyükdür, amma onun səmərəsi nə keyfiyyətdə, nə tədqiqatda, nə də müəllimlərin aldığı maaşda hiss olunur".

Günel CƏLİLOVA

Chosen
36
baki-xeber.com

1Sources