EN

Azure Residence dən ŞİKAYƏT: Şirkət özbaşınalıq edir, isti suyu kəsir

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Bakının Xətai rayonunda yerləşən "Yeni Həyat Şirkətlər Qrupu" MMC-yə məxsus "Azure Residence"in binasının sakinləri istilik sisteminin dayandırılmasından və binanın idarəçiliyində yaranmış problemlərdən narazıdırlar.

Şikayətçi Davud Məmmədov Oxu.Az-a deyib ki, "Azure Residence" binanı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə (MMMC) təhvil verməkdən imtina edir.

O qeyd edib ki, cəmiyyət artıq Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçib, təsdiqlənib və şəhadətnamə əldə edib.

Şikayətçinin sözlərinə görə, şirkət liftlərin kart sistemlərini, giriş qapılarının təhlükəsizlik mexanizmlərini söküb, qəbul masalarını binadan çıxarıb:

"Sakinlər tərəfindən cəmiyyət yaradıldıqdan sonra şirkət təhvil-təslim prosesinə mane olmağa başladı. Mənzil Mülkiyyətçiləri Cəmiyyətinin rəhbəri kimi tələb edirəm ki, əvvəlki idarəçi şirkət bütün avadanlıqları, sənədləri və açarları bizə təhvil versin".

Davud Məmmədov iddia edir ki, binada yerləşən mərkəzi qazanxana sakinlərə verilmir:

"Şirkət nümayəndələri bildiriblər ki, qazanxana onlara məxsusdur və noyabrın 1-dən etibarən isti suyun verilişi dayandırılacaq. Bina 326 mənzildən ibarətdir. Sakinlərə deyiblər ki, artıq istilik sistemi işləməyəcək, ancaq şirkətə yaxın şəxslərin mənzillərinə ayrıca kombi sistemi quraşdırılır. Beləliklə, 20-25 mənzildə isti su olacaq, digərlərində isə olmayacaq".

Şikayətdə həmçinin qeyd olunur ki, "Azure Residence" ümumi istifadə sahələrində özbaşına dəyişikliklər aparır, şaxtalardan və yüksək gərginlikli elektrik xətlərinin yanından borular keçirir:

"Bütün proseslərə dair videomateriallar bizdə var. "Azure Residence" kommunal ödənişlərin yığılması ilə bağlı da şəffaflıq nümayiş etdirmir. Biz yığılan vəsaitlərin necə xərcləndiyini öyrənmək istəyirik. 3-6 aylıq maliyyə hesabatı tələb etmişik, amma heç bir cavab almamışıq. İşçilərin maaşları gecikdirilir, bina isə baxımsız vəziyyətdə qalıb".

D.Məmmədov əlavə edib ki, Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, binanın idarəçiliyi və ona aid sənədlər MMMC-yə təhvil verilməlidir, bu qətnamə Ali Məhkəmə tərəfindən də qüvvədə saxlanılıb:

"İcra məmurları gəlib sənədlərin və açarların təhvil verilməsini tələb etsələr də, şirkət onların tələblərini yerinə yetirməyib. İndi isə bildiriş paylayıblar ki, noyabrın 1-dən isti su dayandırılır".

Məsələ ilə bağlı "Azure Residence" şirkətinə sorğu ünvanlanıb.

Məhərrəm Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
30
oxu.az

1Sources