Azərbaycan Dillər Universitetinin İxtisas Ölkəsi Ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Aynur Sabitova Hüquq və İnsan Haqları İnstitutunda keçirilən “Qərbi Azərbaycan İrsi” layihəsinin yekun tədbiri və “Tarixin izi ilə” sənədli filminin təqdimatında iştirak edib.
QHT.az xəbər verir ki, professor qeyd edib ki, təqdim olunan film və layihə Azərbaycan xalqının mənəvi yaddaşının qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır:
“Biz tarixə yalnız hadisələr silsiləsi kimi baxmamalıyıq — tarix həm də kimliyimizin, yaddaşımızın və ruhumuzun dərin qatıdır. Qərbi Azərbaycan yalnız xəritədə qalan bir məkan deyil, nəsillərin yaddaşında yaşayan mənəvi və mədəni dəyərdir. Bu dəyəri qorumaq, düşünmək və gələcək nəsillərə ötürmək hər birimizin borcudur. Bu baxımdan, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin fəaliyyəti böyük əhəmiyyət daşıyır. Cəsarət Hüseynzadənin rəhbərliyi ilə həyata keçirilən layihələr təkcə tarixi həqiqətləri təqdim etmir, həm də ictimai şüura milli dəyərləri qaytarır. Keçən il uğurla icra edilən “Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsi və bu il təqdim olunan “Qərbi Azərbaycan İrsi” təşəbbüsü ardıcıl şəkildə milli düşüncəyə xidmət edir. Bu gün gördüyümüz nəticələr həmin ardıcıl sədaqətin və peşəkarlığın bariz göstəricisidir. Bu işlərin arxasında dayanan Cəsarət Hüseynzadənin təşəbbüskarlığı, peşəkarlığı və milli dəyərlərə sadiqliyi layihələrin ruhuna çevrilib".
Professor Sabitova sonda vurğulayıb ki, bu cür təşəbbüsləri yalnız təşəkkürlə deyil, təhsil, elm və ictimai düşüncə müstəvisində dəstəkləmək vacibdir:
“Bu fəaliyyətin arxasında böyük vətəndaşlıq məsuliyyəti, elmə və insana hörmət dayanır. Biz ‘Tarixin izi ilə’ filminə baxmaqla sadəcə bir sənədli ekran əsərini izləmirik — biz unudulmaq istənilən yaddaşa işıq salırıq. Mən inanıram ki, bu film və layihə sayəsində gənclər tarixə daha dərindən və şəfqətlə baxmağı öyrənəcəklər. Tarixi xatırlamaq — yalnız keçmişi anmaq deyil, gələcəyi dürüst qurmaqdır.”
Qeyd edək ki, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi Azərbaycan İrsi” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib.