EN

Gənc igidin hekayəsi- şəhid Xaləddin Cəlilov

Ağstafa, 31 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

44 günlük Vətən müharibəsi Azərbaycan tarixində qəhrəmanlıq və birlik simvoluna çevrilib. Bu döyüşlərdə igidlərimiz torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etdilər və gələcək nəsillərə örnək oldular. Xaləddin Cəlilov da bu igidlər arasında öz cəsarəti, fədakarlığı və vətənpərvərliyi ilə seçilib. Həm idman sahəsindəki uğurları, həm də döyüş meydanında göstərdiyi qəhrəmanlığı onun gənc yaşda böyük iz qoyduğunu göstərir.

AZƏRTAC-ın bölgə müxbirinin xəbərinə görə, şəhid Xaləddin Cəlilov idmana olan sevgisi ilə böyümüşdü. Atası güləşçi olsa da Xaləddin daha çox idmanın boks növünə maraq göstərib və bu sahə üzrə də respublika və dünya əhəmiyyətli bir çox idman yarışlarında nailiyyətlər əldə edib. 2002-ci ildə Ağstafa rayonunun Yenigün kəndində anadan olan Xaləddin Cəfərov 2019-cu ildə Ağstafa rayonunda "İlin idmançısı" fəxri adına layiq görülüb. Gənclər arasında “Kung-Fu”, “Sando” idman növü üzrə beynəlxalq yarışların, “Kik-boksinq” üzrə dünya birinciliyinin qalibi və mükafatçısı olub.

Hərbi xidmətə yollanan zaman idman akademiyasının tələbəsi idi. Xidməti dövründə Xaləddin Xüsusi təyinatlı qoşun komandasına qəbul edilir. Vətən müharibəsi də onun hərbi xidmət dövrünə təsadüf edir. Boksçunun dəmir biləyi bu dəfə dəmir yumruğa çevrilir və düşmənin üzərinə atılır. Haqq savaşının ilk günlərindən Xaləddin Cəlilov öz kəşfiyyat qrupu ilə Murovdağ istiqamətində xüsusi döyüş tapşırığını yerinə yetirir. Düşmənin 400 nəfər canlı qüvvəsini məhv edir, 17 post alır. Elə bu cəsurluğu ilə də “Murov qartalı” ləqəbini qazanır.

Oğlunun idmanda qazandığı nailiyyətlərin çox olduğunu deyən Yeganə Cəlilova: “18 yaşında özünə o qədər böyük hörmət qazanmışdı ki, hara gedirəm, hansı qapını açıram, orada Xaləddin haqqında çox gözəl sözlər eşdirəm. Mən əvvəllər elə bilirdim ki, Xaləddin təkcə mənim oğlumdu, amma şəhid olandan sonra gördüm ki, Xaləddin tək mənim yox, Azərbaycanın, vətənin oğlu imiş...”.

Xaləddin Cəlilov yalnız döyüş meydanında deyil, məktəbdə də müəllimlərinin yaddaşında iz qoymuş şagirdlərdən idi. Onun sədaqəti, çalışqanlığı və ədalət hissi həmyaşıdları və müəllimləri tərəfindən həmişə yüksək qiymətləndirilirdi. Müəlliməsi Yeganə Dərvişova Xaləddinin xatirələrini və onun gənc yaşda göstərdiyi vətənpərvərlik nümunələrini belə xatırlayır. “Xaləddin ilk dəfə sinfə qədəm qoyanda hiss etdim ki, digər şagirdlərdən fərqlənir. Baxışları hələ də gözümün önündədir. Kəskin, dərin baxışları vardı. Uşaqlıq illərindən başlayaraq o vətənə sevgisi ilə seçilirdi. Yadımdadı, inşa yazırdıq. Mövzu “Mənim arzum” idi. Deyirdi müəllim mənim bir arzum var idmançı olmaq istəyirəm. Özü də elə idmançı olmaq istəyirəm ki, Azərbaycanın Bayrağını yüksəklərə qaldırım, Qələbə ilə qayıdım. Orta məktəbdə keçirilən yarışlarda həmişə qalib gəlirdi. Müəllimi kimi onunla fəxr edirəm. İdman sahəsində də vətən torpaqlarının azadlığı uğrunda da qalib oldu, canından keçib, şəhadət zirvəsinə ucaldı”.

Gənc qəhrəman ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Chosen
34
1
azertag.az

2Sources