AzVision.az “BBC” telekanalına istinadən xəbər verir ki, Bukinqem sarayının bəyanatında belə deyilir. İndən sonra şahzadə Endryu Endryu Mauntbetten-Vindzor adlanacaq.
“Əlahəzrət bu gün şahzadə Endryu titullarından, rütbələrindən və fəxri adlarından məhrum etmək üçün rəsmi prosedurlara başlayıb. İndiyədək “Royal Lodge”nin icarəsi onun orada yaşamasını qanuni müdafiə ilə təmin edib”,- bəyanatda bildirilir.
Bukinqem sarayının ofisinin məlumatına görə, şahzadə Endryuya kirayə müqaviləsini dayandırması barədə rəsmi xəbərdarlıq edilib və indi o, alternativ şəxsi yaşayış yerinə köçəcək. Şahzadənin özü barəsində irəli sürülən ittihamları davamlı şəkildərədd etməsinə baxmayaraq, bu tədbirlər zəruri sayılıb.
“BBC” bu həftə şahzadə Endryunun seksual cinayətlərdə təqsirli bilinən və Amerika həbsxanasında intihar edən amerikalı milyarder Cefri Epşteynlə münasibətləri ilə bağlı yeni təfərrüatların ortaya çıxdığını açıqlayıb.
Məlum olub ki, şahzadə Endryu 2006-cı ildə şahzadə Beatrisin 18 yaşının qeyd olunarkən Epsteyni, onun sevgilisi Qisleyn Maksvelli və amerikalı prodüser Harvi Vaynşteyni (daha sonra cinsi cinayətlərə görə məhkum olunub) “Royal Lodge”dakı evində qonaq edib.
Görüş əvvəl deyildiyi kimi Vindzor qəsrində yox, şahzadənin şəxsi iqamətgahında baş tutub. Bu yeni faktlar bir daha şahzadə ilə Epşteyn əlaqələrinin şahzadənin əvvəllər iddia etdiyindən daha yaxın olub-olmaması ilə bağlı suallar doğurub.
- Əlahəzrət açıq şəkildə bildirmək istəyir ki, onun düşüncələri və dərin hüznlə başsağlığı hər cür zorakılığın qurbanları və sağ qalanlarla birlikdə olub və onlarla birlikdə olmaqda davam edəcək”, - Bukinqem sarayının açıqlamasında vurğulanır.
Şahzadə Endryu daha əvvəl kral III Çarlzla danışdıqdan sonra bütün titullarından - York hersoqu, İnverness qrafı və baron Killili - könüllü şəkildə imtina etmişdi. Onun bu addımı Bukinqem sarayının təzyiqi altında atdığı güman olunur.
Sahil İsgəndərov
AzVision.az