EN

Azərbaycanın Qəzzaya sülh qüvvələri göndərməsi qeyri-müəyyənliklə üzləşib...


Xeyli müddətdir ki, Azərbaycanın Qəzzaya sülhməramlı göndərməsi məsələsi müzakirə edilir. Yəni Azərbaycan sülhməramlı kontingentini Qəzzaya göndərə bilər.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Trampın sülh planı çərçivəsində Qəzza zolağında yerləşdirilməsi planlaşdırılan beynəlxalq sabitləşdirmə qüvvələrinin Azərbaycan, İndoneziya və Pakistan hərbçilərindən ibarət olacağı barədə bəyanatı var.

Azərbaycanın bu istiqamətdə təcrübəsi var.

Azərbaycan Ordusunun sülhməramlı kontingenti 1999-cu ildən etibarən sülhməramlı əməliyyatlarda iştirak edir. 1999-cu ilin sentyabr ayından 2008-ci ilin mart ayınadək Azərbaycan Ordusunun sülhməramlı taqımı NATO-nun rəhbərliyi altında Kosovoda sülhün yaradılması və dəstəklənməsi üzrə keçirilən əməliyyatlarda iştirak edib.

Azərbaycan sülhməramlı bölüyü 2003-2008-ci illərdə 152 nəfərlik şəxsi heyətlə İraqda beynəlxalq koalisiya qüvvələri tərkibində xidmət edib. 2009-cu il tarixdə Azərbaycan Ordusunun 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda Türk taboru tərkibində fəaliyyət göstərib. Azərbaycan Ordusunun sülhməramlı qüvvələri 27 avqust 2021-ci ildə ölkəyə geri dönüb. Hazırda Azərbaycanın hər hansı xarici ölkə ərazisində sülhməramlı qüvvələri fəaliyyət göstərmir.

Bir müddət əvvəl xarici mediada belə bir xəbər yayılıb ki, Azərbaycan, Türkiyə və İndoneziya Qəzzaya sülhməramlı missiya göndərməkdə maraqlıdır. İsrail mediasının yaydığı xəbərə görə isə, Azərbaycan və digər bir neçə ölkə bundan imtina edib. Hələlik, iştirak edib-etməməklə bağlı Azərbaycanın rəsmi mövqeyi yoxdur.

Azərbaycanın sülhməramlı missiyasının Qəzzada sülhyaratma prosesində iştirakına ehtiyac varmı? Azərbaycan Qəzzada sülhyaratma əməliyyatlarında iştirak etməlidirmi?Ümumiyyətlə, Azərbaycan Qəzza kimi mürəkkəb bir yerdə sülh əməliyyatlarında iştirak etməlidirmi?

Azərbaycan Prezidenti Yaxın Şərq Sülh Sammitində iştirak edib. Şarm-əl Şeyxdə keçirilən həmin sammit çərçivəsində ABŞ, Türkiyə, Misir və Qətərin liderləri Qəzza üçün sülh və atəşkəs sənədini rəsmi şəkildə imzaladılar.

Bunun bir tərəfi Azərbaycanın müttəfiqi olan İsraillə, bir tərəfi Azərbaycanın aid olduğu islam dünyası ilə bağlıdır, İslam Əməkdaşlıq Təşkilatında Azərbaycanın böyük yeri var. Qoşulmama Hərəkatında ölkəmiz xüsusi çəkiyə malikdir. Yəni məsələyə hansı tərəfdən baxırsansa Azərbaycanın sülhməramlı əməliyyatlarında iştirakının nə qədər faydalı olub-olmadığı ilə bağlı sual meydana çıxır.

Ceyhun Məmmədov: “Bu, sülh prosesində iştirak edən dövlətlərdən və beynəlxalq qurumlardan asılıdır”

Millət vəkili Ceyhun Məmmədov “Bakı-Xəbər”ə “Təbii ki, Azərbaycan iştirak edə bilər. Azərbaycanın böyük bir təcrübəsi var. Azərbaycan sülhməramlı qüvvələri İraqda, keçmiş Yuqoslaviyada, Əfqanıstanda iştirak ediblər. Bu gün bizim zəngin təcrübəyə malik bir sülhməramlı kontingentimiz var. Eyni zamanda nəzərə almalıyıq ki, Azərbaycan müsəlman ölkəsidir və hər zaman müsəlman dünyasının narahat edən məsələlərə öz mövqeyini bildirib, bu məsələlərdə fəal olub, öz dostluğunu, qardaşlığını əsirgəməyib”-deyə bildirdi.

Bu mənada C.Məmmədov hesab edir ki, bu çox önəmli bir məsələdir və Azərbaycanın həyata keçirdiyi siyasəti nəzərə alsaq, ölkəmizin bu məsələdə həmişə fəal olduğunu deyə bilərik. “Eyni zamanda deyə bilərik ki, Azərbaycan bu prosesdə də fəal şəkildə iştirak edəcək. Bu, sülh prosesində iştirak edən dövlətlərdən və beynəlxalq qurumlardan asılıdır. Əgər Azərbaycana belə bir təklif olunarsa, belə bir istəklə bağlı mürtaciət edilərsə Azərbaycan buna tam hazırdır. Bu vəzifəni böyük şərəflə yerinə yetirəcək. Çünki Azərbaycan hər zaman dediyimiz məsələlərə həssas və önəmli bir formada yanaşıb. Ona görə də bu məsələdə Azərbaycanın mövqeyi birmənalı olacaq və öz töhfəsini verəcək”-deyə millət vəkili qeyd etdi.

Sahil Kərimli: “Hazırda bu istiqamətdə konkret fikir səsləndirmək mümkün deyil”

Siyasi ekspert Sahil Kərimlinin fikrincə də, Azərbaycan uzun illərdir dünyada sülhə və təhlükəsizliyə çox böyük töhfə və önəm verən ölkələrdən biridir. “Azərbaycanın beynəlxalq arenada sülhməramlılıq fəaliyyəti uzun illərə əsaslanmış bir fəaliyyətdir. Hələ illər əvvəl Azərbaycan sülhməramlıları dünyanın bir çox qaynar nöqtələrində fəaliyyət göstərib. Sülhməramlı missiyamız hətta dünyanın bir çox aparıcı ölkələri tərəfindən daim yüksək qiymətləndirilib və bu fəaliyyətə dəyər verilib. ABŞ ilə, Qərblə qarşılıqlı uzun illərə söykənən əməkdaşlığı çərçivəsində, təbiidir ki, Azərbaycanın sülhməramlılıq fəaliyyəti də daim diqqət mərkəzində olub. Bu baxımdan, əlbəttə, Azərbaycanın sülhməramlı qüvvələrinin dünyanın qaynar nöqtələrində sülhməramlı fəaliyyəti ilə bağlı da müəyyən fikirlər səsləndirmək olar. Xüsusilə də son dövrlərdə Qəzzada əldə olunmuş sülhün qorunub saxlanılması, bu sülhün irəliyə aparılması istiqamətində Azərbaycan da öz töhfələrini vermiş olub. Azərbaycan daim Qəzzada, bütövlükdə Yaxın Şərqdə, xüsusilə də İsrail-Fələstin qarşıdurmasında sülhyaratma istiqamətində bir çox səylər ortaya qoyub. Azərbaycanın qardaş Türkiyə və digər dost ölkələrlə birgə siyasəti nəticəsində sülhə dəstək istiqamətində müəyyən addımlar atılıb. Təbiidir ki, Azərbaycanın Qəzzada sülhyaratma əməliyyatlarında iştirak etməsi ilə bağlı gələcəkdə müəyyən addımları ola bilər. Amma hazırda bu istiqamətdə konkret fikir səsləndirmək mümkün deyil. Çünki Azərbaycan dövləti yaranmış situasiyaya uyğun addımlar atıb. Əgər gələcəkdə Azərbaycanın sülhməramlı missiyanın həyata keçirilməsinə dəstək verməsinə, ümumiyyətlə Azərbaycan sülhməramlılarının Qəzza bölgəsində fəaliyyətinə ehtiyac olarsa, bu istiqamətdə tərəflərin Azərbaycana müəyyən müraciətləri olarsa, zərurət yaranarsa ölkəmiz bu çətin və həssas missiyanın da öhdəsindən uğurla gələ bilər”.

Azərbaycan ordusunun dünyanın ən güclü orduları sırasında dayandığını deyən ekspert bildirdi ki, ordumuz bütün istiqamətlərdə peşəkardır, döyüş əməliyyatlarında xüsusi bacarıqlara malikdir, müasir silah-sursat baxımından dünyada xüsusi çəkiyə malikdir. “Bu baxımdan Azərbaycan istənilən çətin missiyanın da öhdəsindən gəlmək iqtidarındadır. O ki qaldı Azərbaycanın ABŞ, Türkiyə, Misir, Qətər və digər ölkələrlə əməkdaşlığına, bu baxımdan biz həm qardaş Türkiyə, həm də dost İsraillə bu istiqamətdə müəyyən təmaslar, məsələhətləşmələr aparıldığını görmüşük. Bütün bu deyilən məqamları ümumiləşdirsək, təbiidir ki, Azərbaycanın gələcəkdə bu istiqamətdə müəyyən konkret addımlar atmasının da şahidi ola bilərik”-deyə S.Kərimli qyed etdi.

İradə SARIYEVA

Chosen
60
baki-xeber.com

1Sources