EN

“QHT Agentliyi ictimai proseslərin idarə edilməsində mühüm rol oynayır” - Müşfiq Məmmədli

Hüquq və İnsan Haqları İnstitutunda keçirilən “Qərbi Azərbaycan İrsi” layihəsinin yekun tədbirində Milli Məclisin deputatı Müşfiq Məmmədli ictimai təşəbbüslərin və vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin, xüsusilə də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyətini yüksək qiymətləndirib.

Deputat bildirib ki, bu proseslərdə əsas məqsəd insan faktorunun önə çəkilməsi, görülən işlərin idarə olunan, məqsədyönlü şəkildə aparılmasıdır:

“QHT Agentliyi bu istiqamətdə nəzarət və koordinasiya funksiyasını çox uğurla həyata keçirir. Çünki digər ölkələrin təcrübəsinə baxsaq, bəzi hallarda bu cür proseslər yanlış qüvvələrin təsiri altına düşə bilir. Azərbaycanda isə dövlət və QHT-lər birgə şəkildə sağlam və şəffaf əməkdaşlıq modeli formalaşdırıblar.”

Müşfiq Məmmədli həmçinin qeyd edib ki, Qərbi Azərbaycan irsinin qorunması, milli-mənəvi dəyərlərin, musiqi və ədəbiyyat nümunələrinin gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlər xüsusi əhəmiyyət daşıyır:

“Qərbi Azərbaycana həsr olunmuş mahnılarımız, xalqımızın tarixi və mədəni irsinin təbliği həm dövlət, həm də ictimai təşəbbüslər tərəfindən həyata keçirilməlidir. Bu işlərə gənc nəslin cəlb edilməsi və onların maarifləndirilməsi vacibdir.”

Deputat onu da vurğulayıb ki, indiki informasiya dövründə məlumatın düzgün və qısa formada təqdimatı xüsusi əhəmiyyət kəsb edir:

“Müasir nəsil informasiyanı daha çox vizual və qısa formada qəbul edir. Buna görə də bu istiqamətdə yeni yanaşmalar tətbiq edilməli, fəaliyyətlər davamlı şəkildə inkişaf etdirilməlidir. Elmin, təhsilin və ictimai institutların birgə fəaliyyəti ölkəmizin gələcək inkişafında mühüm rol oynayır. Azərbaycan elmini, iqtisadiyyatını və mədəniyyətini gücləndirən layihələr davamlı olmalıdır. QHT-lərin bu sahədə rolu danılmazdır və onların fəaliyyəti dövlət siyasətinin mühüm tərkib hissəsidir.”

 

Qeyd edək ki, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi Azərbaycan İrsi” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib.

Chosen
40
qht.az

1Sources