EN

WUF13 Azərbaycanın şəhərsalma təcrübəsinin qlobal platformada paylaşılması üçün geniş imkanlar yaradacaq – RƏY

Bakı,30 oktyabr, AZƏRTAC

2026-cı ildə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF) 13-cü sessiyası Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və şəhərsalma sahəsində əldə etdiyi təcrübənin tanınması baxımından mühüm hadisədir. Bu Forum Azərbaycanın regional və qlobal miqyasda dayanıqlı inkişaf, şəhərsalma və müasir urban konsepsiyaları sahəsində təşəbbüskar mövqeyə malik olduğunu bir daha nümayiş etdirəcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar söyləyib.

O qeyd edib ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən 2001-ci ildə təsis olunan Ümumdünya Şəhərsalma Forumu bu gün dayanıqlı şəhər inkişafı sahəsində dünyanın ən nüfuzlu qlobal platforması hesab edilir. Forumun əsas məqsədi sürətli urbanizasiyaya məruz qalan dünyada şəhərlərin sosial, iqtisadi və ekoloji baxımdan davamlı inkişafını müzakirə etmək, dövlətlər arasında təcrübə və ideya mübadiləsinə şərait yaratmaqdır. İndiyədək bu Forum Nayrobi, Barselona, Rio-de-Janeyro, Kuala-Lumpur və Əbu-Dabi kimi şəhərlərdə keçirilib.

Siyasi şərhçi bildirib ki, 13-cü sessiyanın Bakıda təşkili Azərbaycanın urban siyasətinə və şəhər infrastrukturunun inkişafına verdiyi önəmin beynəlxalq miqyasda etirafıdır. Bu qərar göstərir ki, Azərbaycan təkcə enerji ixracatçısı və geosiyasi mərkəz kimi deyil, həm də dayanıqlı inkişaf, “ağıllı şəhər” modeli və müasir şəhərsalma yanaşmalarını həyata keçirən ölkə kimi tanınır.

Ülviyyə Zülfiqar qeyd edib ki, ölkəmizdə uzun illərdir şəhər infrastrukturunun modernləşdirilməsi, ictimai məkanların bərpası və mədəni irsin qorunması istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Xüsusilə son illərdə Qarabağda aparılan genişmiqyaslı yenidənqurma prosesi Azərbaycanın urban siyasətinin praktiki səviyyədə uğurla tətbiq olunduğunu sübuta yetirir. Şuşa, Füzuli və Ağdam kimi şəhərlərin “ağıllı şəhər” prinsipləri əsasında bərpası Azərbaycanın gələcək şəhərsalma modelinin real təzahürüdür.

Siyasi şərhçi vurğulayıb ki, Forumun Bakıda keçirilməsi Azərbaycanın sülh, bərpa və inkişaf gündəliyini mədəni və sosial müstəviyə daşıyır, həmçinin ölkəmizin xarici siyasətində urban mədəniyyət, innovasiya və inklüziv inkişaf kimi dəyərlərin prioritet olduğunu nümayiş etdirir. Onun fikrincə, bu Forum Azərbaycanın şəhərsalma siyasətinin siyasi, iqtisadi və sosial səviyyədə dünyaya inteqrasiyasını daha da gücləndirəcək, milli təcrübənin qlobal platformada paylaşılması üçün geniş imkanlar yaradacaq.

Chosen
18
1
azertag.az

2Sources