EN

"Proqram ölkənin bütövlüyünün qorunması baxımından mühüm əhəmiyyətə malikdir" - SİYASİ EKSPERT AÇIQLADI

"Böyük Qayıdış proqramı işğaldan azad edilmiş ərazilərimizin iqtisadi, sosial, humanitar və mədəni baxımdan bərpasını və əhalinin bu torpaqlara təhlükəsiz şəkildə qayıtmasını təmin edən strateji layihədir. Proqramın əsas məqsədi yalnız məcburi köçkünlərin evlərinə qayıtması deyil, həm də həmin ərazilərin uzunmüddətli inkişafını təmin etməkdir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bu proqram çərçivəsində bir sıra mühüm fəaliyyətlər həyata keçirilir: "Əvvəlcə, ərazilərin minalardan təmizlənməsi və təhlükəsizliyinin təmin olunması prioritet təşkil edir. Həmçinin, meşə ehtiyatlarının bərpası və ətraf mühitin qorunması tədbirləri görülür ki, bu da ekosistemin davamlılığını təmin edir. Torpaqların istifadə üçün yararlı hala gətirilməsi, onların kənd təsərrüfatı üçün hazırlanması, həmçinin kənd təsərrüfatı işlərinin həyata keçirilməsi proqramın mühüm hissəsidir. Bununla yanaşı, Böyük Qayıdış proqramı çərçivəsində bölgədə sosial və iqtisadi infrastrukturların yenidən qurulması da nəzərdə tutulur. Buraya yolların, enerji və kommunal sistemlərin bərpası, məktəb və səhiyyə müəssisələrinin fəaliyyətinin təmin olunması, eləcə də mədəniyyət və idman obyektlərinin yaradılması daxildir. Bu tədbirlər yalnız yaşayışın bərpasına deyil, həm də insanların uzunmüddətli rifahının təmin edilməsinə xidmət edir.

Proqram həmçinin məcburi köçkünlərin öz torpaqlarına qayıdışı prosesini asanlaşdırmaq məqsədilə onların mənzil, sosial və iqtisadi təminatını da nəzərdə tutur. Belə ki, proqram çərçivəsində yeni iş yerlərinin yaradılması, sahibkarlığın inkişafı və yerli iqtisadiyyatın canlandırılması kimi təşəbbüslər də həyata keçirilir. Böyük Qayıdış proqramı yalnız ərazilərin fiziki bərpasını deyil, həm də insanların orada davamlı və təhlükəsiz həyat şəraitinin təmin edilməsini, yerli icmaların sosial, iqtisadi və mədəni həyatının yenidən canlanmasını hədəfləyir. Bu proqram ölkənin bütövlüyünün qorunması, tarixi və mədəni irsin bərpası və regionların dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyətə malikdir".

Müəllif: Arzu Qurbanlı
Chosen
16
1
sia.az

2Sources