EN

Tehrana “dəhliz pisliyi” - İrəvan Bakını seçdi

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanın son açıqlaması Tehranda ciddi narahatlıq doğuracaq məzmundadır. Papoyan etiraf edib ki, Qazaxıstandan buğda idxalında İran deyil, Azərbaycan üzərindən keçən marşrut seçilib. Bunun səbəbi isə çox sadədir - Azərbaycan vasitəsilə daşınan yük həm ucuz, həm də daha təhlükəsizdir.

Nazirin sözlərinə görə, Qazaxıstandan buğda gətirmək əvvəllər baha başa gəlirdi, çünki İran marşrutu ilə nəqliyyat məsafəsi çox, relyef isə çətin idi. Ənzəli limanından yüklərin Sünikə qədər daşınması həm logistika baxımından əlverişsiz, həm də əlavə xərclərlə müşayiət olunurdu. Amma Bakı üzərindən tranzit bu məsafəni azaldır, mövcud dəmiryol xətti yükdaşımaları xeyli asanlaşdırır.

Belə aydın olur ki, artıq Qazaxıstandan Ermənistana buğda, gələcəkdə isə digər strateji yüklər Azərbaycan vasitəsilə daşınacaq. Bu, həm iqtisadi, həm də siyasi baxımdan mühüm mesajdır. Ermənistan regionda sabit və etibarlı nəqliyyat tərəfdaşını İran deyil, Azərbaycan kimi görür. Bakı regionun real logistik mərkəzinə çevrilir, Tehranın “dəhlizlərə nəzarət” iddiası isə praktik olaraq aradan qalxır.

Əgər bu xətt davamlı və genişlənən əməkdaşlığa çevrilsə, bu, Cənubi Qafqazda sülh və qarşılıqlı asılılıq üçün real baza yarada bilər. İran “Zəngəzur dəhlizi olmayacaq” dedikcə, reallıq “Azərbaycan marşrutu var” deyir. Ermənistan isə bu reallığı qəbul etməyə məcburdur - çünki iqtisadiyyat siyasətdən daha önəmlidir. 

Natiq

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, “Aktau-Bakı” marşrutu ən məntiqli yoldur: “Qazaxıstan və Orta Asiya məhsullarının İran üzərindən Ermənistana çatdırılması uzun zaman tələb edir və daha baha başa gəlir. Ona görə də düşünmürəm ki, İran Azərbaycan üzərindən yüklərin daşınmasına etiraz etsin. Bu, məntiqli olmaz. Çünki yüklərin Aktau limanından Bakıya, oradan isə dəmir yolları vasitəsi ilə Gürcüstan üzərindən Ermənistana daşınması daha ucuz başa gəlir. İranın hazırda əsas istəyi Ermənistan və Gürcüstan üzərindən Batumi limanına çıxmaqdır. Burada isə infrastruktur problemi var. O yolları bir-birinə birləşdirmək üçün uzun illər və milyardlar lazımdır. Buna isə İranın iqtisadi gücü çatmır”. 

Ətin

Akif Nəsirli

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli mövzunu qəzetə şərh edərkən deyib ki, İran üzərindən Ermənistana yük daşımaları tranzit gəlirləri gətirsə də, bu, qarşı tərəfə sərf etmirdi, çünki Ermənistana daşınan əmtəənin maya dəyərini artırırdı: “Sözsüz ki, Azərbaycanın öz ərazisindən istifadəyə icazə verməsindən sonra İranın Ənzəli limanı vasitəsilə tək taxıl deyil, digər yüklərin daşınması da artıq Ermənistan üçün səmərəli deyil. Tranzit elə bir prosesdir ki, hər iki tərəfin iqtisadi və siyasi maraqlarına uyğun gəlməlidir. İrandan Ermənistana yük daşımaları Ermənistan üçün siyasi cəhətdən uyğun olsa da, iqtisadi baxımdan uyğun gəlmir. Aktaudan Ənzəli limanına yük daşınması daha uzun prosesdir. Həm də İran üzərindən daşıyarkən bir yerə qədər dəmir yolundan istifadə edilir, bir hissədən sonra avtomobil yolu gəlir. Eyni zamanda hər iki ölkənin sərhədi çox çətin relyef şəraitinə malikdir. Sıldırım dağlar var, oradan dəmir yolu çəkmək məsələsi gündəmdədir, lakin heç bir investor oraya investisiya qoymur. Çünki düşünürlər ki, əraziyə dəmir yolu çəkmək o zaman səmərəli olar ki, oradan qızıl və ya başqa mənfəətli material daşısınlar. Başqa nə daşısalar, iqtisadi cəhətdən faydalı deyil. İran da bunu anlayışla qəbul edəcək. Bu dəyişikliyə görə İranla Ermənistan arasında hansısa bir siyasi qalmaqal yaşanmayacaq. "Aktau-Bakı" və “Aktau-Ənzəli” marşrutu arasında ən azı 4 gün fərq var. Bu isə o deməkdir ki, yüklərin Azərbaycan üzərindən Ermənistana daşınması vaxta da qənaət edəcək. Xərc baxımından isə demək olar ki, 50 faiz uduş var. 

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Tiflisdə keçirilən V “İpək Yolu” Forumunda çıxışı zamanı qeyd edib ki, Azərbaycanla Ermənistan artıq düşmən deyil və tərəflər sülh razılaşmasına doğru gedirlər. “Ona görə də köhnə marşrut yenidən işə düşüb. Əvvəllər də Rusiyadan, Qazaxıstandan gələn yüklər Ermənistana Azərbaycan üzərindən aparılırdı. İşğal illərində bu marşrut dayandırılmışdı və tranzit daşıma İran üzərindən həyata keçirilirdi”.

Azərbaycanın Ermənistan istiqamətində yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırması çox mühüm bəyanatdır. Onun sözlərinə görə, bu, son dərəcə vacib addımdır.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

Chosen
17
musavat.com

1Sources