EN

Oşa yollanacaq Ülvidən Bakıya mesaj: “Əlvida, Azərbaycan yığması!”

Oktyabrın 22-də Rusiya kubokunun oyununda Moskva “Dinamo”sunun heyətində meydana çıxan, “Krılya Sovetov”la matçda (4:0) het-trik edən Ülvi Babayev ölkəmizdə qısa müddətdə məşhurlaşdı. Ardınca yerli mətbuatda AFFA rəsmilərinin Bakıda əslən azərbaycanlı olan futbolçunun atasıyla görüşdüyü, 21 yaşlı yarımmüdafiəçinin yığmamıza cəlb edilməsi haqda müzakirələrin aparıldığı haqda iddialar yayıldı.

O vaxtdan Ülvinin millimizdə çıxış edib-etməyəcəyi haqda suallar yaranmışdı ki, dünən məsələyə nöqtə qoyuldu. Daha dəqiqi, azərbaycanlı futbolçunun Rusiyanın U-21 millisinə cəlb edildiyi açıqlandı. Bəli-bəli, Ülvinin adı bu yığmanın baş məşqçisi İvan Şabarovun çağırdığı 38 futbolçu arasında yer alıb. Beləliklə, Rusiya azərbaycanlı gəncə əməllicə qucaq açdı. Bundan sonra onun ölkəmizin şərəfini qoruya biləcəyini yalnız xəyal etmək olar.

Rusiyanın U-21 yığması noyabrın 11-də Qırğızıstana yollanacaq. Orda, yəni ölkənin cənubundakı Oş şəhərində Rusiya, İran, Qırğızıstan və Bəhreyn yığmalarının iştirakıyla beynəlxalq turnir keçiriləcək. U-21-ə çağrılmaq Azərbaycan yığmasının maraqları baxımından dünyanın sonu olmasa da, hazırda “Dinamo”nu çalışdıran Valeri Karpinin həm də Rusiyanın əsas yığmasının baş məşqçisi olduğunu nəzərə alanda... Bir sözlə, U-21-dən əsas yığmaya yol bir addımdı.

Hər halda, Ülvi bizi seçmədi. Yumşaq desək, qərarıyla həm də Bakıya bu mesajı ötürdü: “Əlvida, Azərbaycan yığması!”

KƏNAN BAHADIR

Chosen
30
1
football-plus.az

2Sources