EN

Qonşu dövlətlər Azərbaycanın su təhlükəsizliyi maraqlarına hörmətlə yanaşmalıdırlar - Rahilə Mehdiyeva

“Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi Rahilə Mehdiyeva ilə müsahibə

- Su təhlükəsizliyi anlayışı nəyi ifadə edir və onun əsas komponentləri hansılardır?

- Su təhlükəsizliyi insanların içməli suya, kənd təsərrüfatı və sənaye üçün lazım olan suya davamlı, keyfiyyətli və təhlükəsiz şəkildə çıxışını təmin edir. Onun əsas komponentləri su ehtiyatlarının mövcudluğu, keyfiyyəti, səmərəli idarə olunması və ekoloji balansın qorunmasıdır; yəni miqdar, keyfiyyət və idarəetmə mexanizmləri birgə təmin olunmalıdır.

- Dünyada su qıtlığı problem var. Bəs, Azərbaycanda?

- Azərbaycanda da su qıtlığı mövcuddur. Su ehtiyatlarımızın əksəriyyəti transsərhəd çaylardan asılı olduğundan ölkə həssas vəziyyətdədir. İqlim dəyişikliyi, əhali artımı və sənaye yükünün çoxalması daxili su ehtiyatlarına əlavə təzyiq yaradır.

- İqlim dəyişikliyi su ehtiyatlarının təhlükəsizliyinə hansı təsirləri göstərir?

- İqlim dəyişikliyi yağıntıların qeyri-bərabər paylanmasına, quraqlıqların artmasına, buzlaqların əriməsinə və su hövzələrinin səviyyəsinin dəyişməsinə səbəb olur. Bu, həm kənd təsərrüfatı, həm də içməli su təminatı üçün ciddi risklər yaradır. Azərbaycanın quraq iqlimə meyilli bölgələrində, məsələn, Aran və Naxçıvanda təsirlər daha aydın görünür.

- Transsərhəd su ehtiyatlarının istifadəsində beynəlxalq hüququn əsas prinsipləri hansılardır?

- Transsərhəd su ehtiyatlarının istifadəsində əsas prinsiplər “ədalətli və məqbul istifadə”, “digər ölkələrə ciddi zərər vurmamaq” və “qarşılıqlı əməkdaşlıq”dır. Bu prinsiplər BMT-nin qəbul etdiyi su konvensiyalarında əks olunub; hər bir ölkə öz ehtiyaclarını ödəmək hüququna malikdir, eyni zamanda qonşu dövlətlərin maraqlarına hörmət göstərilməlidir.

- Azərbaycanın işğaldan azad edilmiş Şərqi Zəngəzur regionunda aktual su təhlükəsizliyi riskləri hansılardır?

- İşğaldan azad olunmuş Şərqi Zəngəzur regionunda aktual risklər arasında infrastrukturun dağıdılması nəticəsində suvarma sistemlərinin sıradan çıxması və minalanmış ərazilərdə su hövzələrinin çirklənmə ehtimalı var. Bu, həm ekoloji tarazlığa, həm də insanların təhlükəsiz suya çıxışına təsir göstərir.

- Şərqi Zəngəzurun Laçın rayonunda yenidən məskunlaşma aparılır, keçmiş məcburi köçkünlər öz yurdlarına dönür. Yenidən məskunlaşma və sənayeləşmə Laçında su resurslarının idarə olunmasına necə təsir edir?

- Sirr deyil ki, Laçın rayonunda yenidən məskunlaşma və sənayeləşmə içməli və təsərrüfat suya tələbi artırır. Sənaye və kənd təsərrüfatı obyektlərinin açılması əlavə təzyiq yaradır. Buna görə su ehtiyatlarının idarəsi həssas şəkildə qurulmalı, həm sosial, həm də ekoloji tələblər nəzərə alınmalıdır.

- Laçında su ehtiyatlarının səmərəli istifadəsi üçün hansı texnologiyalar və innovativ yanaşmalar tətbiq edilə bilər?

- Su ehtiyatlarının səmərəli istifadəsi üçün Laçında damcı suvarma və yağmurlama texnologiyaları tətbiq edilə, yağış sularının toplanması və təkrar istifadəsi həyata keçirilə, suyun keyfiyyətinə nəzarət üçün rəqəmsal monitorinq sistemləri qurula bilər. Bu yanaşmalar sudan qənaətli istifadəni təmin edir və regionun dayanıqlı inkişafına töhfə verir.

Müsahibə "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən "Laçın rayonunda su təhlükəsizliyi" layihəsi çərçivəsində hazırlanıb.

Tural Turan

Chosen
24
turkustan.az

1Sources