Sakinlərin şikayətlərinə baxıldı və qısa müddətdə həll olundu
Paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 84 saylı binanın ətrafında antisanitar və təhlükəli vəziyyət yarandığı barədə bir neçə gün əvvəl məlumat vermişdik. Və qeyd etmişdik ki, binanın arxasında bir neçə il əvvəl “Sevinc MTK” “Melisa Park” yaşayış massivi inşa edib. Tikinti başa çatsa da, ərazidə nə təmizlik işləri aparılıb, nə də təhlükəsizlik tədbirləri görülüb. Qalaqlanıb qalan zibillik ətrafa üfunət yayır.

Sakinlər məişət tullantıları ilə dolu sellofan paketləri hara gəldi atır, nəticədə “zibil dağı” yaranır. Ciddi problemlərdən biri də ərazidə təhlükəli vəziyyətin yaranmasıdır. Tikintidən sonra MTK rəhbərliyi ərazidə yaranmış dərin çökəkliyi hasara almağı lazım bilməyib. Bu isə həmin ərazinin kənarından gediş-gəliş üçün istifadə edən sakinlər, həm də uşaqlar üçün böyük təhlükə yaradır.

“Şərq” sakinlərin narazılığını işıqlandırdıqdan sonra Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən əraziyə baxış keçirilib. Yaranmış vəziyyətlə yerində tanış olan icra nümayəndəliyi problemlərin aradan qaldırılmasına göstəriş verib. Nəticədə yamacın kənarı dəmir konstruksiyalarla əhatələnib, ərazidəki zibillik təmizlənib, ərazi abadlaşdırılıb. Sakinlər Yasamal Rayon İcra Hakimiyyətinə şikayətlərinə baxıldığı və həll olunduğu üçün təşəkkür edirlər.
Paytaxtın hər bir inzibati ərazisində nöqsanlar bu şəkildə aradan qaldırılsa, şəhərimiz həqiqətən də təmiz və yaşayış üçün təhlükəsiz olar.