Prezident İlham Əliyev Zəngilan rayonunun sakinləri ilə görüşərkən qeyd edib ki, Zəngilan çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək, həm Zəngəzur dəhlizi, həm də Araz dəhlizi buradan keçəcək.
Dəhlizlərin Zəngilanda kəsişməsi regionun logistik əhəmiyyətini necə dəyişəcək?
Redaktor.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli bildirdi ki, Böyük İpək yolu konstruksiyaları, yol-nəqliyyat infrastruktur konstruksiyaları, eyni zamanda dəmir yolu infrastrukturunun keçidləri və kommunikasiya sistemlərinin Azərbaycanda məhz Zəngilan ərazisindən keçməsi proqramlaşdırılıb və bu məsələ üzərində ciddi iş gedir.
"Logistikanın əhəmiyyəti ondan ibarət olacaq ki, artıq bölgənin suverenliyi, ərazi bütövlüyü, təhlükəsizlik məsələləri tamamilə təmin olunacaq. Trampla razılaşdırılmış sazişə əsasən həmin Zəngəzur dəhlizinin təhlükəsizlik və həmin sistemlərin tikinti məsələləri yüz illik müddət üçün ABŞ-yə verilib və bu, artıq sazişlərlə təsdiqlənib".

Müsahibimiz vurğuladı ki, həmin o logistik mərkəz yalnız Azərbaycanın deyil, həm də dünyanın nəhəngləri olan, güc sahibləri olan Türkiyənin, ABŞ-nin tam təhlükəsizliyi altında fəaliyyət göstərəcək:
"Yəni bütün bunları nəzərə alsaq, əlbəttə ki, Zəngilan rayonunun əhəmiyyəti böyükdür və o ərazidə həmin nəqliyyat-kommunikasiya qovşaqlarının keçməsi kifayət qədər ciddi, siyasi, təhlükəsizlik, həm də iqtisadi əhəmiyyətə malikdir".
Aytəkin TOFİQQIZI