ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Monteneqroda Türkiyə və Azərbaycan vətəndaşlarının iştirakı ilə baş verən insident geniş rezonans doğurub. Hazırda əsas müzakirə mövzusu vizasız rejimin taleyidir. İddialara görə, Monteneqro hökuməti bu cür halların təkrarlanmaması üçün müvafiq tədbirlər görə bilər.
Belə hadisələr ölkələr arasındakı viza rejimi məsələlərinə təsir edirmi?
Globalinfo.az-a danışan turizm üzrə ekspert Ceyhun Aşurov deyib ki, Monteneqro prezidenti vəziyyəti sakitləşdirməyə çalışsa da, məlumata görə, müvəqqəti olaraq Türkiyə vətəndaşlarına viza verilməsi proseduru dayandırıla bilər:
“Biz də hadisəyə dərhal reaksiya vermişik. Belə ki, Monteneqro ilə münasibətlərə xüsusi önəm verən Azərbaycan olayın ədalətli, şəffaf şəkildə araşdırılmasını xahiş edib”.
Ceyhun Aşurov
Ekspert bildirib ki, Monteneqroda azərbaycanlıların kifayət qədər investisiyası mövcuddur:
“İki ölkə arasında mühüm siyasi, iqtisadi və biznes əlaqələri formalaşıb. Hazırda Azərbaycana qarşı viza prosedurunun dayandırılması məsələsi gündəmdə deyil. Ümumilikdə, biz məsələnin obyektiv şəkildə araşdırılacağına və hadisənin ədalətli həllini tapacağına inanırıq”.
Xatırladaq ki, Monteneqronun paytaxtı Podqoritsada yerli sakinin bıçaqlanmasından sonra yaranan iğtişaşlar zamanı Türkiyə vətəndaşı ilə yanaşı, Azərbaycan vətəndaşı 31 yaşlı Yaqub Qurbanov da saxlanılıb. Həmçinin miqrasiya qaydalarını pozduğuna görə daha 45 nəfər nəzarətə götürülüb. Onlardan 7-si cərimələnib, 8 nəfər barəsində deportasiya qərarı çıxarılıb, 2 nəfər isə istintaq tamamlanana qədər nəzarət altında saxlanılacaq.
Qeyd edək ki, hər il Azərbaycandan sözügedən Avropa ölkəsinə minlərlə turist gedir. Son 1-2 ildir ki, vətəndaşlarımızın seçimi əsasən Monteneqro olur.
Ləman İmran
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.