EN

Ukrayna Prezidenti Zelenski “Gripen” qırıcılarının üstünlüklərini açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski “Gripen” qırıcı təyyarələrinin üstünlüklərinin ucuz texniki xidməti, avtomobil yollarına enə bilməsi və ölkədə mövcud olan bütün raketləri istifadə etmək imkanında olduğunu bildirib.

“Poliqon” “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti jurnalistlərlə görüşü zamanı deyib.

““Gripen”in texniki xidməti ən ucuzdur, çünki ən az sayda insanın iştirakı tələb olunur. Təcrübəli və peşəkar pilotumuz üçün təlim müddəti F-16 ilə müqayisədə daha qısadır. Məsələn, F-16 üçün bu təxminən bir yarım il çəkir, amma “Gripen” üçün cəmi 6 aydır. Uçuş və eniş texniki imkanlarına görə də “Gripen” çox sərfəlidir. Siz bilirsiniz, o, magistral yollardan qalxa və enə bilər”, – deyə V.Zelenski qeyd edib.

Prezidentin sözlərinə görə, “Gripen”in silah inteqrasiyası baxımından da üstünlükləri var: “F-16 təyyarələrinə malik olmadığımız dövrdə biz artıq Qərb silahlarını sovet istehsalı olan Ukrayna təyyarələrinə necə tətbiq etmək barədə yollar axtarırdıq. Bu, bizdən aylarla vaxt aparırdı, çünki uyğun asqı sistemləri olmadığı üçün mövcud raketləri istifadə edə bilmirdik. Bu da çətin idi. Amma bizim mühəndislər həmin silah istehsal edən ölkələrin mühəndisləri ilə birlikdə işləyərək bu məsələləri həll etdilər. “Gripen”ə gəlincə, ona hər şeyi quraşdırmaq mümkündür. Deyərdim ki, Ukraynanın istifadə etdiyi demək olar bütün raket və silah növləri bu təyyarəyə uyğunlaşdırıla bilər”.

V.Zelenski həmçinin İsveçdə aparılan danışıqlar zamanı “Gripen”in istehsalının lokallaşdırılması barədə razılıq əldə olunduğunu diqqətə çatdırıb: ““Əsas məsələ, biz “Gripen”in lokallaşdırılması barədə razılığa gəldik. Mən bunu tarixi razılaşma hesab edirəm”.

O bildirib ki, Ukraynanın ümumi döyüş aviasiyası tələbi 250 yeni təyyarədən ibarətdir və artıq 150 “Gripen” qırıcısının tədarükü barədə razılıq əldə olunub.

“Mən təyyarələr mövzusunda üç paralel danışıqlar aparıram – isveçlilərlə, fransızlarla və amerikalılarla. Döyüş aviasiya parkının yenilənməsi üçün üç əsas platforma seçilib: F-16, Gripen və Rafale”, – deyə Ukrayna Prezidenti vurğulayıb.

Chosen
13
1
poliqon.az

2Sources