EN

“Azera Toxumçuluq” MMC-nin Sabirabaddakı müəssisəsində standart və hibrid toxum istehsal olunur

Sabirabad, 29 oktyabr, R.Türkoğlu, AZƏRTAC

Sabirabad Sənaye Məhhəlləsində fəaliyyətə başlayan “Azera Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin müəssisəsi ildə 500 ton yonca, 800 ton hibrid qarğıdalı, 350 ton hibrid günəbaxan, 2000 ton arpa, 2000 ton buğda toxumu istehsalı gücünə malikdir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə heyəti sədrinin müşaviri Tural Abdullazdə məlumat verib.

O qeyd edib ki, MMC 2021-ci ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Müəssisədə Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə standart və hibrid toxum istehsalı yaradılıb.

“Hazırda burada bir sıra toxumluq kənd təsərrüfatı məhsulları istehsal olunur. Müəssisədə Sabirabad Pilot Aqroparkda yetişdirilən, həmçinin regionun kiçik, orta və iri fermer təsərrüfatlarından əldə olunan toxumlar xammal kimi istifadə edilir”, - deyə o bildirib.

Layihə dəyəri 2,5 milyon manat olan müəssisədə daimi iş yerlərinin sayı 20-yə çatdırılacaq. İşçilərin Sabirabad və ətraf rayonlardan cəlb edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Sabirabad Sənaye Məhəlləsində “Azera Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.

Chosen
32
47
azertag.az

10Sources