EN

İtkin şəhidin bacısı: Lətifi Zaqatalada başqa bir ailə öz şəhidi kimi dəfn edibmiş  

Lətifi Zaqatalada başqa bir ailə öz şəhidi kimi dəfn edibmiş. Həmin ailə hər önəmli tarixdə onun məzarını ziyarət edib, öz şəhidləri kimi ehtiramını saxlayırmış. Lakin onların daxilində məzardakı şəhidin onlara aid olmamasına dair şübhələr var imiş. Nəhayət ki, uzun illərdən sonra bununla bağlı aidiyyəti qurumlara müraciət ediblər. DNT analizləri nəticəsində nəşin qardaşım, Birinci Qarabağ müharibəsinin itkin şəhidi Lətif Şahhüseynova aid olduğu müəyyənləşib. 33 ildən sonra bizə nəşi təhvil verildi və Sumqayıt Şəhidlər xiyabanında adına layiq şəkildə dəfn etdik. Zaqataladakı həmin ailəyə də baş çəkmək niyyətindəyik.

Bunu AZƏRTAC-a açıqlamasında bu gün Sumqayıtdakı Şəhidlər xiyabanında dəfn olunan Birinci Qarabağ müharibəsinin itkin şəhidi Lətif Qəribalı oğlu Şahhüseynovun bacısı Mələk Şahhüseynova bildirib.

Qardaşının mülayim, kövrəkqəlbli, eyni zamanda, qorxmaz biri olduğunu qeyd edən M.Şahhüseynova bildirib: “O, boru prokat zavodunda işləyəndə hər gün şəhidləri ziyarətə gedirdi. Deyirdi ki, mənim qardaşlarım burada yatırlar, onlara baş çəkməliyəm Təsadüfə baxın ki, Birinci Qarabağ müharibəsi şəhidi - həm qonşumuz, həm də yaxın dostu olan İsgəndərin qəbrinin yanında dəfn olundu. İnanıram ki, onlar o dünyada bir-birinə həyan olacaqlar...”.

Mələk Şahhüseynova deyib ki, Lətif Vətənin dar günündə Sumqayıt Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.”Heç kimə imkan vermədi ki, onunla Hərbi Komissarlığa getsin. Axşam hərbi geyimdə evə gəldi və qayıtdı. Onlar Yevlaxa, oradan da döyüş bölgəsinə yollanıblar. Xocavənd istiqamətində isə itkin düşüb. Atamgil onu dəfələrlə axtardılar. Hətta Birinci Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov da qardaşımın axtarışına qoşulmuşdu. Amma ondan xəbər almaq mümkün olmamışdı. Valideynlərimizin ikisi də beş il əvvəl eyni gündə övladlarının tapılma xəbərini eşitmədən dünyadan köçdülər. Kaş ki, onlar da eşidər, bu dünyadan nigaran getməzdilər. İtkin analarına, doğmalarına səbr-dözüm diləyirəm. Bu, bizim üçün həm kədərli, həm də xoş xəbərdir. Bu gün həm də sevinirik. Bu illər ərzində bizi tək qoymayan, bu gün də şəhidimizin dəfnində iştirak edən hər kəsə təşəkkür edirəm. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və aidiyyəti qurumlara göstərdikləri dəstəyə, niskilimizə son qoyduqlarına görə minnətdarlığımı bildirirəm. Torpaqlarımız azad ediləndə itkinlərimizin tapılacağına ümidimiz yaranmışdı. Bu gün biz öz həsrətimizi sonlandırdıq. Biz qardaşımla, bütün şəhidlərimizlə fəxr edirik. Ümid edirik ki, tezliklə bütün itkin ailələri öz şəhidlərinə qovuşar, gözləri yollardan çəkilər”, - deyə o vurğulayıb.

Chosen
18
2
azerbaijan-news.az

3Sources