EN

Prezident Cəbrayılın Şahvəlli kəndində “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub.

Energetika naziri Pərviz Şahbazov dövlətimizin başçısına 50 meqavat gücündə “Şəms” Günəş Elektrik Stansiyası barədə məlumat verdi.

Bildirildi ki, bu layihə ölkəmizin yaşıl enerji strategiyasının mühüm tərkib hissəsidir və Cəbrayıl rayonunun enerji xəritəsində yeni mərhələnin başlanğıcını qoyur.

Qeyd edək ki, 2024-cü ilin mart ayında Energetika Nazirliyi ilə “Nobel Energy” şirkəti arasında 100 MVt gücündə Günəş elektrik stansiyasının tikintisi, eləcə də elektrik enerjisinin istehsalı, satışı və istehlakı sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Ardınca bu ilin aprelində Azərbaycan Respublikası Hökuməti “Enerso Cəbrayıl” MMC ilə 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyası, “Clean Energy Jabrayil” MMC ilə isə “Şəms” Günəş Elektrik Stansiyası layihələri üzrə investisiya müqavilələri bağlayıb.

Ötən il Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid 229 hektar torpaq sahəsi bərpaolunan enerji mənbələrinin inkişafı üçün ayrılıb. Bu çərçivədə “Clean Energy Jabrayil” MMC üçün 135 hektardan çox, “Enerso Cəbrayıl” MMC üçün isə 93 hektardan çox ərazi müəyyən edilib.

Prezident İlham Əliyev “Şəms” Günəş Elektrik Stansiyasının təməlini qoydu, daha sonra “Üfüq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak etdi.

Chosen
23
49
aznews.az

10Sources