EN

Vardanyana yeni vəkil təyin olundu


Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi oktyabrın 28-də davam etdirilib.
Yeniavaz.com
xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi ilə təmin olunub.
Sədrlik edən Z.Ağayev bildirib ki, ötən məhkəmə iclasında təqsirləndirilən şəxs Ruben Vardanyan vəsatət verərək məhkəmə prosesindən narazı olduğu üçün müdafiəçisindən imtina etdiyini bildirmişdi. Həmçinin qeyd etmişdi ki, onun özünün başqa bir vəkillə müqaviləsi yoxdur və dövlət tərəfindən ona müdafiəçi təyin edilə bilər. Məhkəmənin qərarına əsasən, Ruben Vardanyanın müdafiəçisi Avraam Bermandan imtinasına dair vəsatəti qəbul olunmuş və ona dövlət hesabına vəkil təyin olunması ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyasına müraciət göndərilmişdi. Bu səbəbdən də ona dövlət hesabına müdafiəçi təyin olunub. Hakim bildirib ki, R.Vardanyanın yeni müdafiəçisi Vəkillər Kollegiyasının üzvü Emil Babışovdur.
Təqsirləndirilən şəxs yeni vəkili Emil Babışova etiraz etməyib. Prosesin digər iştirakçıları da müdafiəçiyə etirazlarının olmadığını bildiriblər.
Sonra hakim Z.Ağayev cinayət təqibinə yeni qoşulan vəkil Emil Babışovu məhkəmənin tərkibi ilə tanış edib.
Vəkil məhkəmə tərkibinə etiraz etmədiyini söyləyib. İclasa sədrlik edən hakim vəkilə təqsirləndirilən şəxslə həm istintaq təcridxanasında, həm də məhkəmədə görüşmək, eyni zamanda, cinayət işinin materialları ilə tanış olmaq üçün şərait yaradılacağını və əlavə vaxt veriləcəyini deyib.
Bundan sonra vəkilin işlə tanış olması və təqsirləndirilən şəxslə görüşməsi üçün proses təxirə salınıb.
Məhkəmə prosesi noyabrın 4-də davam etdiriləcək.
Chosen
11
39
yeniavaz.com

10Sources