EN

“Xeyirxahlıq ailədən başlayır” adlı təlim keçiriləcək

Bakı, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Ailə könüllüləri” layihəsi çərçivəsində “Xeyirxahlıq ailədən başlayır” adlı təlim keçirilib.

AZƏRTAC xəbər verir ki, təlimin əsas məqsədi ailələr arasında könüllülük fəaliyyətini təşviq etmək, ailə institutuna sosial və psixoloji dəstək mexanizmlərinin əhəmiyyətini vurğulamaq, həmçinin ailə dəyərlərinin möhkəmləndirilməsinə töhfə verməkdir.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, “Ailə könüllüləri” layihəsi sadəcə bir təşəbbüs deyil, dərin ictimai əhəmiyyət daşıyan bir hərəkatdır. Onun sözlərinə görə, layihə ailə dəyərlərinin, milli-mənəvi ənənələrin qorunub saxlanmasına və cəmiyyətdə ailənin rolunun güclənməsinə mühüm töhfə verəcək.

“Tədbirin əsas ideyası ondan ibarətdir ki, xeyirxahlıq, mərhəmət və milli-mənəvi dəyərlərə sadiqlik ailədən başlayır. Bizim ailələrdəki vətənpərvərlik və mənəviyyat ruhu gələcək nəsillərin düzgün istiqamətdə formalaşmasına xidmət edir. "Ailə könüllüləri” layihəsi yeni mərhələyə qədəm qoyur və bu hərəkatın daha geniş miqyasda davam etdirilməsi ailə dəyərlərinin qorunması istiqamətində mühüm addım olacaq. Dövlət Komitəsi bu prosesdə ailə könüllülərinə hər zaman dəstək göstərəcək”, - deyə Aynur Sofiyeva qeyd edib.

Təlimdə paytaxt və bölgələri təmsil edən könüllü ailələr, sosial məsələlər üzrə mütəxəssislər və psixoloqlar iştirak edib.

Tədbir çərçivəsində ailə dəyərlərinin qorunması, valideyn-müəllim-övlad münasibətlərində qarşılıqlı anlayışın gücləndirilməsi, eləcə də ictimai həmrəyliyin artırılması istiqamətində müzakirələr aparılıb.

Chosen
36
2
azertag.az

3Sources