Stokholm, 28 oktyabr, Nərgiz Cəfərli, AZƏRTAC
İsveçin Harpenberq şəhərində tarixə dünyanın ən “dərin” marafonu kimi daxil olmuş unikal idman qaçışı keçirilib.
AZƏRTAC xəbər verir ki, yerin səthindən 1302 metr aşağıda yerləşən şaxtada dünyanın müxtəlif ölkələrindən 60-a yaxın iştirakçı, əsasən mədən sənayesi şirkətlərinin 20-60 yaş arasında direktorları və əməkdaşları start xəttinə çıxıblar.
Onların arasında mindən çox marafonun iştirakçısı olmuş Uelsdən olan 63 yaşlı tanınmış marafonçu Rori Koulman da olub. Onun sözlərinə görə, alaqaranlıqda və təxminən 30 dərəcə Selsi temperaturda qaçış fövqəltəbii və təkrarolunmaz təcrübəsi idi.
Koulman təəssüratını belə ifadə edib: “Biz üç Eyfel qülləsi ölçüsündən daha dərində idik. Yerin altında bu qədər dərinlikdə olmağınız inanılmaz hissdir”.
Layihənin təşəbbüskarı qismində “BecomingX” şirkətinin baş direktoru, ingilis Pol Qerni çıxış edib. Onun məqsədi insanları öz potensialını reallaşdırmağa ruhlandırmaqdır. Baş direktor qeyd edir ki, bu ideya əvvəlcə dəlilik kimi görünsə də, tezliklə mədən sənayesindən dəstək qazanıb. Unikal idman cazibəsindən əlavə, tədbirin xeyriyyə məqsədləri də olub: heyvanların rifahı üçün vəsait toplamaq və Afrikadakı mədən əməliyyatlarından təsirlənən insanları dəstəkləmək. Bundan əlavə, qaçış müasir mədən əməliyyatlarının necə göründüyünü nümayiş etdirmək üçün nəzərdə tutulmuşdu.
Marafon 3,8 kilometrlik dairəvi marşrut üzrə keçirilib və iştirakçılar bu marşrutu 11 dəfə qət ediblər. Bütün idmançılar finiş xəttinə uğurla çatıblar. Yarış İsveç Atletika Federasiyası tərəfindən təsdiqlənib və “Boliden Zinkgruvan”, “BecomingX”, ICMM (Beynəlxalq Mədən və Metallar Şurası) ilə tərəfdaşlıq çərçivəsində təşkil edilib.
Koulman etiraf edib ki, Saharada, Şimal qütbündə marafonlarda iştirak etməsinə və hətta Everestə dırmanmasına baxmayaraq, bu yarış onun həyatının ən ekstremal sınağı olub.