EN

Böyük kometa Günəşə yaxınlaşır: Alim ehtimal edir ki, bu, yadplanetli gəmi ola bilər

3I/ATLAS adlı ulduzlararası obyekt, kometaya bənzər xüsusiyyətlər nümayiş etdirərək quyruq əmələ gətirməyə başlayıb...

Poliqon xəbər verir ki, bu barədə New York Post yazıb.

Harvard Universitetindən bir astrofizik hesab edir ki, bu, kosmosda manevr edən yadplanetli bir gəmi ola bilər.

Harvard Universitetinin astrofiziki Avi Loeb sentyabr ayında Kanar adalarında yerləşən İspaniya Şimal Optik Teleskopu vasitəsilə çəkilmiş 3I/ATLAS görüntülərini təhlil edib. O, son məqaləsində qeyd edib ki, 33 milyard ton kütləyə malik ulduzlararası obyektdə “anti-quyruq” adlanan, əsasən karbon qazı və sudan ibarət, həmçinin sianid və nikel ərintisi izləri daşıyan bir iz müşahidə olunub.

Alimin sözlərinə görə, əgər obyekt yadplanetli kosmik gəmidirsə, anti-quyruq onun "yavaşlama sürəti" manevrinin nəticəsidir və bu proses başa çatdıqdan sonra quyruğa çevriləcək.

Xəbərdə qeyd olunur ki, daha əvvəl Beynəlxalq Asteroid Xəbərdarlıq Şəbəkəsi 3I/ATLAS obyektini izlənilən hədəflər siyahısına əlavə edib və müşahidələrə başlayıb. Alimlər obyektin heç bir təhlükə yaratmadığını bildiriblər.

Bundan əlavə, dünyanın müxtəlif ölkələrindən tədqiqatçılar NASA-nın HiRISE kamerası ilə oktyabrın əvvəlində çəkilmiş 3I/ATLAS görüntülərini səbirsizliklə gözləyirlər. Bu fotolar bu günədək əldə edilmiş ən yüksək ayırdetməyə malikdir və Mars orbit aparatından, obyektin Qırmızı Planetə 19 milyon kilometr məsafədə yaxınlaşdığı anda çəkilib.

Məlumata görə, 3I/ATLAS 29 oktyabrda Günəşə maksimum dərəcədə yaxınlaşacaq. Həmin vaxt obyekt Günəşdən Yerə nisbətən 1,8 dəfə uzaqda olacaq.

Xatırladaq ki, 2025-ci ilin yanvarında parlaq "ATLAS" (C/2024 G3) kometası Günəşə yaxın keçərək möhtəşəm səma mənzərəsi yaradıb. O, Merkuri orbitindən üç dəfə daha yaxın məsafədən keçib və -3,4 ulduz parlaqlığı ilə ilin ən parlaq kometalarından birinə çevrilib.

Poliqon.info

Chosen
67
poliqon.info

1Sources