EN

Ceyhun Bayramov Türkiyə rəsmiləri ilə görüşərək əməkdaşlığı müzakirə edib

Oktyabrın 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər nazirinin müavini Ayşe Berris Ekinci ilə görüşüb.

Doğru.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn məsələlər, həmçinin regional və beynəlxalq təhlükəsizlik mövzuları müzakirə olunub.

Tərəflər qeyd ediblər ki, Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərini təsbit edən tarixi Şuşa Bəyannaməsi qardaşlıq və dostluq əlaqələrinin təcəssümüdür. Görüşdə liderlərin təlimatı ilə siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, enerji, nəqliyyat, kommunikasiyalar, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan və Türkiyənin bütün beynəlxalq təşkilatlarda, xüsusilə də Türk Dövlətləri Təşkilatında birgə səylərinin təqdirəlayiq olduğu qeyd olunub. Bu il Qəbələdə keçirilmiş Sammitin təşkilatın gücləndirilməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Nazir Ceyhun Bayramov həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi, Vaşinqton Sammitindən irəli gələn məsələlər və Yaxın Şərqdə, Qəzza bölgəsində, Suriyada və Afrika ölkələrində mövcud səylər barədə geniş məlumat verib.

Eyni gündə Azərbaycan və Türkiyə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu da keçirilib. Siyasi məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Samir Şərifov, Türkiyə nümayəndə heyətinə isə Ayşe Berris Ekinci rəhbərlik edib.

DOĞRU.AZ

Chosen
22
47
dogru.az

10Sources