EN

Almaniyanın xarici işlər naziri Brüsseldə Aİ və NATO rəhbərliyi ilə təhlükəsizlik və ticarət məsələlərini müzakirə edib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Berlin, 28 oktyabr, AZƏRTAC

Almaniyanın xarici işlər naziri Yohan Vadeful Brüsseldə Avropa İttifaqı və NATO rəhbərliyi ilə yüksəksəviyyəli görüşlər keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi X platformasında məlumat yayıb.

Bildirilib ki, nazir Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Kaya Kallas, Aİ-nin ticarət komissarı Maroş Şefçoviç və NATO-nun Baş katibi Mark Rütte ilə danışıqlar aparıb.

Görüşlərdə xarici siyasət, təhlükəsizlik və ticarət məsələləri, o cümlədən Ukraynaya davamlı dəstək, Avropanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və qlobal ticarətdə sabitliyin təmin olunması məsələləri müzakirə edilib.

Paylaşımda qeyd olunub ki, Almaniya və Avropa ədalətli qlobal ticarətə ümid edir və nadir torpaq elementləri, kompüter çipləri üzrə təchizat təhlükəsizliyini gücləndirmək istəyir. “Avropa İttifaqı və NATO Avropada sülh, azadlıq, təhlükəsizlik və rifah naminə sıx əməkdaşlıq edir”, - deyə məlumatda vurğulanıb.

Tərəflər, həmçinin Ukraynaya və hər iki qurumun tərəfdaş ölkələrinə dəstəyin davam etdirilməsinin vacibliyini qeyd ediblər: “Ukrayna Avropanın azadlığını müdafiə edir və Almaniyaya güvənə bilər. Biz Aİ və NATO-dakı tərəfdaşlarımızın yanında qətiyyətlə dayanırıq”.

Almaniyalı nazir Brüsseldə səfərdə olan Hindistanın ticarət və sənaye naziri Piyuş Qoyal ilə də görüşüb. Nazir Hindistanın innovasiya və iqtisadi inkişaf sahəsində əsas tərəfdaş olduğunu vurğulayıb və Aİ-Hindistan azad ticarət sazişinin tezliklə imzalanmasına maraq ifadə edib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
76
2
azertag.az

3Sources