Semafor: ABŞ və Çin arasında Kuala-Lumpurda imzalanan saziş gərginliyin azalmasından xəbər verir...
Poliqon xəbər verir ki, The Semafor nəşrinin yazdığına görə, ABŞ prezidenti Donald Tramp Vaşinqtonda on ildir hökm sürən anti-Çin siyasi kursuna son qoymağa hazırlaşır. Nəşr qeyd edir ki, ötən həftəsonu Kuala-Lumpurda ABŞ və Çin arasında imzalanan yeni ticarət sazişi diplomatiyanın “klassik” qaydalarına dönüşü simvolizə edir. Tərəflər əvvəlcə bütün şərtləri razılaşdırıb və daha sonra liderlər razılaşmanı təsdiqləyiblər.
Bu proses həm də ABŞ-Çin münasibətlərində uzun illər davam edən gərginliyin azaldığını göstərir. “Semafor” yazır ki, bu, eyni zamanda Vaşinqtonda 2016-cı ildə Trampın ilk dəfə seçilməsindən sonra formalaşan və Co Bayden dövründə daha da güclənən Min xofunun sonu deməkdir. O dövrdə “Çindən azadlıq günü” kimi təbliğatçı terminlər ABŞ siyasi leksikonunun bir hissəsinə çevrilmişdi.
Məqalədə vurğulanır ki, bu onillik “Çin məsələsində sərt mövqe tutan” ekspertlər və siyasətçilərin dövrü olub. Onların sırasında Trampın keçmiş köməkçisi Mett Pottinger, sabiq ticarət məsləhətçisi Robert Laythayzer, eləcə də Bayden administrasiyasındakı çoxsaylı Çin ekspertləri yer alırdı. Bu iki partiyalı “sərt xətt tərəfdarları” ABŞ siyasətində Çinlə qarşıdurmanı məqsəd kimi müəyyənləşdirmiş, dünyanın təsir zonalarını bölmək və “yeni soyuq müharibə” strategiyasını tətbiq etmək istəyirdilər.
Lakin nəşrin bildirdiyinə görə, həmin qrupun bir çox üzvləri indi susqunluq nümayiş etdirir. Çünki Tramp dövründə Vaşinqtonda iş görmək istəyənlər açıq tənqiddən çəkinirlər. Bununla belə, qrupun əsas fiqurları şəxsi söhbətlərdə Trampın Çinlə bağladığı sazişləri ABŞ-nin “Çinə qarşı son müqavimət imkanını itirməsi” kimi qiymətləndirirlər.
Poliqon.info