GÖYGÖL, 27 oktyabr. TELEQRAF
Göygöldə fermadan oğurluq hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, rayonun Hacıməlik qəsəbəsi yaxınlığında yerləşən “Muraz” kəndli fermer təsərrüfatına gecə saat 02:20-də gələn maskalı şəxslər 62 baş xırdabuynuzlu heyvanı – ana qoyunları oğurlayaraq naməlum istiqamətə aparıblar.
Təsərrüfat sahibi Mahir Tağıyevin sözlərinə görə oğurluq hadisəsi təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Məsələ ilə əlaqədar Göygöl RPŞ-yə müraciət edilib. Polis hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirir.
Hazıra fermada anasız qalan 70-dək südəmər quzu təsərrüfatın işçiləri tərəfindən əllə yemlənir. Ancaq təsərrüfat sahibinin sözlərinə görə analarının tapılmayacağı təqdirdə quzuların sağ qalmaq ehtimalı azdır.