EN

Qərbi Azərbaycanın Qəhrəman İdmançısı - Şamilov Emil Rafiq oğlu

İdmanın demək olar ki, hər sahəsində Azərbaycanın özünəməxsus uğurlu tarixi var. Bu uğurların təməlində təkcə idman meydanında deyil, həm də Vətən uğrunda mübarizə meydanında öz şücaətini göstərən qəhrəman övladlarımız dayanır.

90deqiqe.Az “Qərbi Azərbaycan İdmanı” rubrikasında bu dəfə sizi həm idman arenalarında, həm də döyüş meydanında adını qızıl hərflərlə tarixə yazdıran igid şəhidimiz Şamilov Emil Rafiq oğlu ilə tanış edirik.

Əslən Qərbi Azərbaycanın Vorontsovka rayonunun Dəmirçilər kəndindən olan Emil Şamilov, 3 iyul 1996-cı ildə Bakı şəhərində anadan olub. O, 2000-ci ildə Sabunçu rayonu 296 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2009-cu ildə həmin məktəbi bitirib. Daha sonra Bakıxanov qəsəbəsində yerləşən Peşə məktəbində təhsil alaraq 2012-ci ildə oranı uğurla başa vurub.

Eyni zamanda Emil gənc yaşlarından idmana böyük maraq göstərib. O, 2007-ci ildən etibarən “Oyama Kyokuşin Kontak Karate” idman növü ilə professional səviyyədə məşğul olmağa başlayıb. Qısa müddət ərzində bu sahədə böyük nailiyyətlər qazanaraq 12 qat Respublika çempionu, 1 qat Avropa çempionu, Dünya kubokunun sahibi, Yevraziya və Zaqafqaziya çempionu, eləcə də 70-dən çox beynəlxalq turnirin qalibi olub. Emil Qara kəmər 3-cü dan sahibi idi və sensey adına layiq görülmüşdü.

O, həmçinin Sabunçu Rayon Gənclər və İdman İdarəsi tərəfindən 2018-ci və 2020-ci illərdə “Fəxri Fərman”la təltif edilmişdir. Bu nailiyyətlər onun yalnız istedadlı idmançı deyil, həm də öz sahəsində peşəkar və əzmkar bir gənc olduğunu göstərirdi.

2012-ci ildə təhsilini başa vurduqdan sonra Emil Həqiqi Hərbi Xidmətə çağırılmış, xidmətini Naxçıvan şəhərində yerləşən “N” saylı Hərbi Hissənin Xüsusi Təyinatlı dəstəsində keçmişdir. 2020-ci ilin Vətən müharibəsi başlayanda isə o, tərəddüd etmədən könüllü şəkildə Xüsusi Təyinatlı Dəstənin tərkibində döyüşlərə qatılmışdır. Emil Tərtər və Xocavənd istiqamətində gedən döyüşlərdə böyük igidlik göstərərək, 27 oktyabr 2020-ci il tarixində Xocavənd rayonu uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Şəhid Emil Şamilov Ramana qəsəbəsindəki “Şəhidlər Xiyabanında” dəfn olunub. Göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra aşağıdakı medallarla təltif edilmişdir:

“Vətən uğrunda” medalı

“Hərbi xidmətlərə görə” medalı

“Cəbrayılın azad olunmasına görə” medalı

“İgidliyə görə” medalı

Emil Şamilovun həyatı həm idmanda, həm də Vətənə xidmətdə fədakarlığın və əzmin parlaq nümunəsidir. O, gənclər üçün təkcə bir idmançı kimi deyil, həm də vətənpərvərlik simvolu kimi əsl örnəkdir.

Allah rəhmət eləsin! Qəhrəman şəhidimizin ruhu qarşısında baş əyirik.

Chosen
27
90deqiqe.az

1Sources