Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Pekin, 27 oktyabr, AZƏRTAC
Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Trampın oktyabrın 27-nə Yaponiyaya planlaşdırılan səfəri zamanı onun təhlükəsizliyini 18 min polis işçisi qoruyacaq.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, bu barədə Tokionun polis departamenti açıqlama yayıb.
Yaponiya polisi ABŞ Prezidentinin təhlükəsizliyi üçün bir neçə gündür paytaxtda tədbirlər görür. Belə ki, şəhərin müxtəlif yerlərində, o cümlədən ABŞ səfirliyinin ətrafında avtomobillər yoxlanılır. Təhlükəsizlik tədbirlərinə xüsusi təlim keçmiş itlər də cəlb olunub. Polis təhlükəsizlik tədbirləri çərçivəsində şübhəli şəxsləri və sosial mediadakı təhdid paylaşımlarını nəzarətdə saxlayır. Əhaliyə şübhəli hallar barədə polisə məlumat vermək tövsiyə olunub.
Prezident Donald Tramp Yaponiya imperatoru Naruhito və Baş nazir Sanae Takaiçi ilə görüşəcək.
Qeyd edək ki, bu, Donald Trampın prezident kimi Yaponiyaya 2-ci səfəridir. O, bundan əvvəl birinci prezidentliyi dövründə, 2019-cu ildə Yaponiyada olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.