"Qarabağ" Misli premyer-liqasının 9-cu tur matçında evdə "Şamaxı"yla heç-heçə etdi - 0:0.
"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Ayxan Abbasova uğurlar arzulayıram. Bizim üçün elə də asan oyun olmadı. İstərdim daha dinamik oyun getsin. Əfsuslar olsun ki, alınmadı. Rəqibin oyun üslubu belə idi: oyunçuları çox tez əks-hücuma keçirdi. Top itkisi olanda oyuna istədiyimiz kimi başlaya bilmirdik. Ümumən yaxşı oynadıq. "Şamaxı" yaxşı mübarizə apardı, məşqçinin əl işi hiss olunur. Belə oyunlar bizə asan olmur. Çünki matç tez-tez dayanırdı. Dəfələrlə bunu demək istəmişəm. Oyunun tez-tez dayanmasının bəlkə də Azərbaycan çempionatında kiməsə faydası olur. Sırf bu matç üçün demək istəmirəm. Çox istərdim ki, kimlə oynamağımızdan asılı olmayaraq, hakimlər bizim oyunlara fərqli yanaşsınlar. Daha diqqətli, daha ciddi olsunlar. Oyunu uduzaq, eybi yox. Çempionlar Liqası matçlarından sonra oynamayan futbolçulara şans verirəm. Onların da dinamikaya, sürətə uyğunlaşması komanda üçün çox vacibdi. Bu qədər vaxt keçirmək... Həkimlər bəlkə də beş dəfə meydana girdi. 1 dəqiqəyə oyunçunun yanına çatırlar, 1 dəqiqəyə qayıdırlar. Ayxan Abbasov da futbolçularına hirslənir, durun deyir. Gərək buna hakimlər nəzarət etsin, belə olmaz da! Qapıçı qurtarış edib yıxılır, zədə alıb sanki. Bu, bizim heç birimizə fayda verən bir şey deyil. İstəyirik ki, Avropa ilə ayaqlaşaq. Birdən-birə 180 dərəcə temp dəyişir. Əlbəttə, bizim üçün asan deyil. "Atletik"lə matçdan 5 gün sonra oynayırdıq. Səfər oyunlarından sonra futbolçularda yorğunluq olur. Rəvan Həmzəzadənin idarə etdiyi matçlarda rəqibin kimliyindən asılı olmayaraq, temp olur. Cərimə zərbələrini çox da saxlamır. Belə hakimlər var. Çempionatı buna uyğunlaşdırmaq lazımdı. Top 15 dəqiqə oyunda olmursa, futbolçuların vaxt keçirməsinə göz yumulursa... 1-2 dəqiqə tempi qaldırırsan, rəqibi cərimə meydançasına sıxışdırırsan, oyun dayanır. Oyunçular da istər-istəməz əsəbiləşir, oyundan çıxır. Bu, onlara fayda vermir. Hər dəqiqə həkim meydana girir. Hələ görmədim bir nəfərin harasısa yarıldı. Çıxırlar, təzədən qayıdırlar. Belə detallara diqqət ayrılsa, yaxşı olar. Hər bir halda Ayxan Abbasova uğurlar arzulayıram, oyuna yaxşı hazırlaşmışdı. Bəlkə də udmağa layiq idi. Udsaydıq da, bu sözləri deyəcəkdim. Futbol mübarizədi. Hər dəfə oyunu saxlamaq yaxşı olmaz. Oyuna gəlincə, xallarımızın üzərinə xal gəldi. Görünən odu ki, çempionat heç də asan deyil. Son oyunlara kimi gərgin mövsüm gedəcək.
- Oyun demək olar ki, "Şamaxı"nın qapısının qarşısında keçdi. Rəqibin müdafiəsini niyə yara bilmədiz?
- Buna "Şamaxı" imkan vermədi. Biz cəhd edirdik. Burda daha çox iş "Şamaxı" müdafiəsinin üzərinə düşür. Diqqətli oynayırdılar. Sonlarda yaxşı oyun görə bilərdik. 1-2 dəqiqə görürdük, sonra dayanırdı. Bunun sayı çox olmalıdı.
- Növbəti turda "İmişli" ilə qarşılaşacaqsız. Çempionlar Liqasındakı matçınızı nəzərə alsaq, çempionat oyununun təxirə salınmaq ehtimalı var?
- Xeyr. Oynayacağıq.
- Millinin son oyunlarından sonra "Qarabağ"ın hücum xəttində məhsuldarlıq azalıb. Bunu nə ilə əlaqələndirirsiz?
- Ola bilər. Belə dövr olur. Həmişə istədiyimiz kimi alınmaz. Rəqiblər bizə ciddi yanaşır. Komanda həmişə sağlam olmur. Normal haldı. Bütün dünya futbolunda belədi. İstərdim ki, daha məhsuldar oynayaq.
- Son dönəmlər mediada "Qarabağ"ın Çempionlar Liqasındakı ev oyunlarını "Tofiq Bəhrəmov"da deyil, BOS-da keçiriləcəyi gündəmdədi. Belə hal baş versə, "Qarabağ"ın oyun fəlsəfəsinə və yaxud digər psixoloji amillərə təsir edə bilərmi?
- Bizim üçün "Tofiq Bəhrəmov"da oynamaq daha rahat olur. Lakin, 2017-ci ildə də Çempionlar Liqasının qrup mərhələsinin oyunlarını Bakı Olimpiya stadionunda keçirmişdik və yaxşı oyunlarımız alınmışdı. Bizim üçün elə də fərqi yoxdu. BOS tam hazır deyil. Hazır olsaydı, orda da oynaya bilərdik.
- "Atletik"lə oyundan sonra ən çox müzakirə olunan mövzulardan biri də Elvin Cəfərquliyevə matç zamanı verdiyiniz reaksiya idi. Oyundan sonra bununla bağlı hər hansı söhbət oldumu?
- Normal qaydada söhbət oldu. Oyun zamanı daha çox əsəbləşdim. Amma sonradan sakit söhbətimiz oldu. Bu səviyyədə keçən oyunlarda futbolçuların səhv etməsi təbii ki, normaldı.
- Sizcə, premyer-liqada əcnəbi hakimlərə ehtiyac var?
- Xeyr. Öz hakimlərimizin olması daha münasibdi. Bir çox hakim var ki, avrokuboklarda oyunlar idarə edir. Hakimlər haqda dediyim fikirlərdə məqsəd onların bizi dinləməsi və növbəti oyunlarda daha ürəkli olmasını istəməyimizdi. Öz hakimlərimiz inkişaf etsin. Xarici hakimlərə ehtiyac yoxdu.