Misli Premyer Liqasında IX tur geridə qalıb.
"Karvan-Yevlax" - "Turan Tovuz 1:2
Bu turda lider yenə dəyişib. "Karvan-Yevlax"ı məğlub edən "Turan Tovuz" yenidən liderliyə yüksəlib.
Kurban Berdıyevın yetirmələri cari mövsümdə 6-cı qələbəsini qazanıb. Onlar bu mövsüm heç-heçənin nə olduğunu bilmir - 6 qalibiyyət, 3 məğlubiyyət.
Qələbə qollarını vuran Alexandro Serrano və Roberto Olabe cari mövsümdə qollarının sayını 3-ə çatdırıb.
Debütant Yevlax təmsilçisi son 7 oyunun 6-da məğlub olub. Artıq mətbuatda baş məşqçi Azər Həşimovla yolların ayrılacağı yazılır. Bölgə klubu 5 xalla 11-ci yerdədir. Onları sonuncu pillədən 2 xal ayırır.
"Kəpəz" - "İmişli" 0:3
Ötən həftə ilk qələbəsini qazanan "Kəpəz" bu tur yenə məğlubiyyətdən qaça bilməyib. Gəncə təmsilçisinin qapıçısı Məmməd Hüseynov ilk hissədə komandasını azlıqda qoyub. Epizodda ofsayd olsa da, qolkiperin hərəkəti çox sərt olduğu üçün qərar dəyişməyib.
Bundan sonra "İmişli" 3 qol vuraraq rəqibini asanlıqla məğlub edib.
Jorj Kaşkilyanın komandası artıq 12 xal yığmağı bacarıb. Azər Bağırovun gəlişindən sonra daha yaxşı görünən "Kəpəz" isə 3 xalla hələ də sonuncudur.
"Araz-Naxçıvan" - "Sabah" 2:2
Turun ən dramatik oyunlarından biri "Araz-Naxçıvan" və "Sabah" arasında olub. "Bayquşlar" iki dəfə önə keçsə də, sonda heç-heçəyə razılaşmalı olub.
Naxçıvan təmsilçisinin görüşündə son dəqiqələrinə vurduğu qol isə böyük mübahisələrə səbəb olub. "Sabah" oyundan dərhal sonra bu barədə video paylaşaraq 1 xallarının oğurlandığını iddia ediblər.
Qolu vuran Ba-Muaka Simakala bombardirlər cədvəlində zirvədədir. Onun 6 qolu var. Bir tur aradan sonra geri qayıdan Coy-Lens Mikels isə bu oyunda penaltini dəqiq yerinə yetirərək cari mövsümdəki 5-ci qolunu vurub.
Komandalar turnir cədvəlində qonşu pillələrdə qərarlaşıb. "Araz-Naxçıvan" 16 xalla 4-cü, "Sabah" isə 15 xalla 5-cidir.
"Zirə" - "Sumqayıt" 1:0
Turun mərkəzi oyunlarından biri Zirədə baş tutub. Görüşdə yeganə qol vurulub. Brahim Konate "qartallar"a çox vacib 3 xal qazandırıb.
Görüşdə ilk hissədə "Zirə", ikinci hissədə isə "Sumqayıt" üstün tərəf olub.
Çempionata yaxşı başlayan Saşa İliçin komandası son 5 turda yalnız 1 qələbə qazana bilib.
"Zirə" bu qələbə ilə 3-cü pilləyə yüksəlib. 14 xalı olan "Sumqayıt" 6-cıdır.
"Qəbələ" - "Neftçi" 0:2
Gözlənilən baş tutub. Vensan Abubakarın debütü Qəbələdə olub. İlk hissəsi maraqsız keçən qarşılaşmada əsas hadisələr fasilədən sonra baş verib.
"Ağ-qaralar"ın yeni transferləri Efianyi Metyu və Abubakar ikinci hissədə meydana daxil olub. 70-ci dəqiqədə oyuna girən kamerunlu hücumçu topa ilk toxunuşunda məhsuldar ötürmə müəllifi olub. 80-cı dəqiqədə isə ilk qolunu vuraraq görüşün hesabını müəyyənləşdirib.
Bu qələbə müvəqqəti olaraq Samir Abasovu rahatlaşdıra bilər. Abubakarın komandaya necə uyğunlaşacağı "Neftçi"nin gələcəyini müəyyənləşdirəcək.
"Qəbələ" üçün isə pis günlər davam edir. Kaxaber Tsxadadzenin yetirmələri pis oynamasa da, nəticə gəlmir.
Onlar 5 xalla 10-cu yerdədilər. "Neftçi" isə 12 xalla 7-ci yerə yüksəlib.