Qahirə, 26 oktyabr, AZƏRTAC
Suriya ərazisinə ilk qitələrarası sualtı fiber-optik kabelin çəkilməsi haqqında saziş imzalanıb.
AZƏRTAC “əl-İxbariyyə” telekanalına istinadla xəbər verir ki, sənəd Suriya Rabitə Nazirliyi ilə İspaniyanın “Medusa” şirkəti arasında imzalanıb.
“Medusa” şirkətinin rəsmi saytında qeyd olunur ki, sualtı kabel sistemi Şimali Afrika və Cənubi Avropanın 12 ölkəsini birləşdirəcək.
Layihə, həmçinin Aralıq dənizini Atlantik okeanı və Qırmızı dənizlə birləşdirəcək tranzit marşrutu təşkil edəcək.
Qeyd olunur ki, Qərbin sanksiyalarından və 14 il davam edən vətəndaş müharibəsindən sonra Suriyada infrastrukturun bir çox sahələrində, o cümlədən internet bağlantısında ciddi çatışmazlıqlar mövcuddur. Bir çox istifadəçi gündəlik internet fəaliyyətlərini həyata keçirmək üçün simsiz bağlantı əvəzinə mobil telefonlarda baha başa gələn internet xidmətlərindən istifadə etməyə məcbur qalır.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə