EN

Sərdar Cəlaloğlu Elman Nəsirovun qızının yaydığı videodan danışdı: “Heç kimə qurşaqdan aşağı zərbə vurmaq olmaz”

Xəbər verdiyimiz kimi Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirovun qızı olduğunu iddia edən Laləzar Əliyeva sosial şəbəkədə yayımladığı çıxışı ilə gündəm olub.

Laləzar Əliyeva atasının illərlə onunla maraqlanmadığını, hazırda isə ailə içində çətin vəziyyətdə qaldığını bildirib.

Məsələ ilə bağlı Elman Nəsirov Globalinfo.az-a belə bir açıqlama verib: "Bu, radikal müxalifətin işidir, çünki onların hədəfindəyəm. Radikallarla ömrümün sonunadək mübarizədə olacağam.

Onlar o qədər tükənib ki, başqa insanlardan əleyhimə istifadə edirlər. Yazıqsınız!”

Sitat.info olaraq, Elman Nəsirovla daha çox debatlarda üz-üzə gələn müxalifət partiyasının sədri (ADP) Sərdar Cəlaloğlunun fikirlərini öyrənməyə çalışdıq. 

S.Cəlaloğlu "Sitat.info"ya açıqlamasında  E.Nəsirovun bu iddialarına belə reaksiya verdi: "Bu Elman Nəsirovun öz ailə işidir. Ailə münasibətlərinin pozulması ictimai-siyasi mövqeyinə heç bir təsiri yoxdur. İnanmıram ki, müxalifət də bu cür üsul və metodlardan istifadə eləsin. Müxalifətdən də kimlərinsə bunu gündəmə gətirməsinə inanmıram. Çünki, müxalifətdə də elə adamlar var ki, ailəsi dağılıb, ikinci dəfə ailə qurub. Dünyada bir çox prezidentlər var, boşanıblar, evləniblər. Bu cür hallar olub".

S.Cəlaloğlu bildirib ki, hamı vətəndaşların şəxsi toxunulmazlığına hörmət etməlidir: "Özəl həyata hər hansı müdaxilə yolverilməzdir. Elman Nəsirovun siyasi, elmi fəaliyyəti qalıb bir kənarda, onu yalnız ailəsinə görə mühakimə etmək, ictimai qınağa məruz qoymaq tamamilə yanlışdır. Bu qurşaqdan aşağı zərbədir. Əgər o doğrudan da öz keçmiş ailəsi qarşısında qanunla nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmirsə, bu da hüququ müstəvidə həll edilməlidir. Qızı Elman Nəsirovu versin məhkəməyə, qanunla hansı öhdəlikləri var, onu tələb etsin".

Aytac,

Sitat.info

 

Chosen
11
2
sitat.info

3Sources