EN

"Hadi İnşaat" daha bir müsabiqənin qalibi oldu: müəmmalı satınalmalar

"Hadi İnşaat" daha bir müsabiqənin qalibi oldu: müəmmalı satınalmalar

"Hadi İnşaat" MMC daha bir tenderin qalibi olub.

AFN.az xəbər verir ki, təkcə oktyabr ayında dövlət satınalmaları yolu ilə 2,7 milyon manatlıq sifariş alan “Hadi İnşaat” MMC bu dəfə Ağcəbədi Rayon İcra Hakimiyyətinin keçirdiyi tender müsabiqəsində qalib elan edilib. Tender şəhərin küçə və prospektlərində abadlıq və işıqlandırma işlərinin satın alınmasını əhatə edir.

Məlumata görə, bu tender üzrə bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 572 245,27 manat təşkil edir.

“Hadi İnşaat” MMC bundan əvvəl Zərdab Şəhər İcra Hakimiyyəti Başçısının Zərdab Şəhəri üzrə Nümayəndəliyinin, Neftçala Rayon İcra Hakimiyyətinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin keçirdiyi tenderlərin də qalibi olub. Bu tenderlərin hamısı təmir-tikinti və abadlıq işləri ilə bağlı keçirilib.

“Hadi İnşaat” MMC 28 fevral 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı Şabran rayonu, Dağ Bilici kəndidir. MMC-nin qanuni təmsilçisi Əminə İlham qızı Nəsirlidir. Ondan əvvəl şirkətin qanuni təmsilçisi Cumayev Fuad Tahir oğlu olub. Bu şəxslər barədə açıq mənbələrdə məlumat mövcud deyil.

Adicə internet səhifəsi və əlaqə telefonları olmayan “Hadi İnşaat” MMC-nin maddi-texniki bazasının eyni vaxtda müxtəlif rayonlarda təmir və abadlıq işlərini aparmaq üçün yetərli olub-olmadığı da məlum deyil.

Ağcəbədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovdur. O, bu vəzifəyə 2019-cu ildə təyin olunub. Hüseynov 2012–2019-cu illərdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Chosen
45
2
afn.az

3Sources