
Azərbaycanlı alim Zaur Əliyev ermənilərin təxribatı ilə üzləşib.
AFN.az xəbər verir ki, bu barədə o, Feysbuk hesabında paylaşım edib.
“Ermənilər mənim məqalələrimdən şikayət ərizələri yazırlar. Məqalələrimin saytdan çıxarılmasını tələb edirlər. Beynəlxalq indeksli jurnallarda dərc etdirdiyim digər məqalələrə qarşı da hücumlara başlayıblar. Onların məktubu saytlarında dərc edilib və bu tək mənə yox, Azərbaycan həqiqətlərinə qarşı aparılan hücumların bir hissəsidir. Neçə vaxtdır mənim elmi məqalələrimə həqiqət axtaran alimlərin istinadlar verməsi onları qorxuya salıb. İnanıram ki, məqaləni çıxarda biləcəklər. Çünki onların gücü çoxdur. Arxalarında lobbi və diasporları var. Azərbaycan dövləti mənim arxamda dura biləcəkmi? Bax, sual budur. Səsimiz və elmi əsaslarımız hər zaman belə olacaq? Təzyiqlər sayəsində həqiqətlərimiz susdurulacaq?”
Alim həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası və Azərbaycan Milli Elmlər Akademiyasının bu məsələ ilə bağlı reaksiyası onu maraqlandırır: “Bu, mənim siyasi elmlər doktoru adı almağıma sədlər çəkəcəkmi? Düşmənin etdiklərinin elmi məqalələr və kitablarla dünyaya çatdırılmasında rol oynadığımı nəzərə alıb, bax bu cür təzyiqlər altında fəaliyyət aparmağıma diqqət verib, mənə dəstək üçün bu elmi adı verəcəklərmi?”