EN

İpoteka ilə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ - Yeni fürsət yaradılır

2026-cı ildə Azərbaycanın dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün 85 milyon manat, sahibkarların banklardan manatla aldığı kreditlərə (2018-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-dək olan dövrdə) hesablanmış faizlərə görə subsidiyanın verilməsi üçün isə 15 milyon manat ayrılması nəzərdə tutulub.

Bu məlumat 2026-cı ilin büdcə zərfi layihəsində öz əksini tapıb. Beləliklə, gələn il Fond dövlət büdcəsindən ümumilikdə 100 milyon manat maliyyə dəstəyi alacaq.

Mütəxəssislərin fikrincə, bu qərar daha çox vətəndaşa güzəştli mənzil almaq imkanı yaradacaq.

Day.Az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, 2025-ci ilin ilk doqquz ayında Azərbaycanda 354 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da əhalinin mənzilə olan tələbatının artdığını göstərir:

"Bu baxımdan dövlətin dəstəyi ipoteka faizlərinin bir hissəsinin subsidiyalaşdırılmasına şərait yaradır. Bu, vətəndaşların aylıq ödənişlərini azaldaraq mənzil əldə etməni daha əlçatan edir. Fondun maliyyə imkanlarının genişlənməsi bankların ipoteka kreditləri vermə potensialını da artırır. Faiz subsidiyası və dövlət zəmanəti ev alanların riskini azaldır, xüsusilə də gəlirlərin sabit olmadığı dövrlərdə bu, çox mühüm əhəmiyyət kəsb edir."

Ekspertin sözlərinə görə, aşağı faizli kreditlər və dövlət zəmanəti ev almaq istəyən vətəndaşlar üçün böyük üstünlüklər yaradır:

"Xüsusilə ilk mənzilini əldə etmək istəyən gənc ailələr üçün bu dəstək həm maddi yükün azalması, həm də mənzilə çıxış imkanlarının genişlənməsi deməkdir. Sahibkarlar üçün isə faiz subsidiyası investisiya planlarının daha tez reallaşmasına şərait yaradır, bu da iqtisadi aktivliyi və məşğulluğu artırır."

Akif Nəsirli əlavə edib ki, 2026-cı ildə Fond üçün ayrılan 100 milyon manatlıq dövlət vəsaiti həm vətəndaşların mənzilə çıxış imkanlarını genişləndirəcək, həm də sahibkarlığın maliyyə resurslarına çıxışını asanlaşdıracaq:

"Qısaca desək, bu maliyyə dəstəyi ev almaq istəyənlər və sahibkarlar üçün risklərin azaldılması və imkanların artırılması baxımından yeni bir mərhələnin başlanğıcı ola bilər."

Chosen
27
1
day.az

2Sources